Neyrocərrahiyyə
Peşəkar və etibarlı xidmət
Peşəkar və etibarlı xidmət
Neyrocərrahiyyə tibbin beyin, onurğa beyni, periferik sinirlər və beyin-damar sistemi ilə əlaqəli xəstəliklərin diaqnostikası, cərrahi müalicəsi və reabilitasiyası ilə məşğul olan ixtisaslaşmış sahəsidir. Bu sahə müasir cərrahi üsullar və qabaqcıl tibbi texnologiyaların tətbiqi sayəsində müxtəlif nevroloji xəstəliklərin dəqiq diaqnostikasını, təhlükəsiz cərrahi müdaxiləsini və effektiv müalicəsini təmin edir. Məqsəd xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq, sinir sisteminin funksiyalarını mümkün qədər bərpa etmək və uzunmüddətli sağlamlıq nəticələrini optimallaşdırmaqdır.
Mərkəzi Klinikanın Ümumi Cərrahiyyə Şöbəsinin Neyrocərrahiyyə bölməsində müasir dünya standartlarına uyğun beyin, onurğa beyni və periferik sinir sistemi üzrə geniş spektrli neyrocərrahi əməliyyatlar icra olunur. Bölmə yüksək ixtisaslı mütəxəssislər, qabaqcıl tibbi avadanlıqlar və multidissiplinar yanaşma ilə xəstələrə kompleks diaqnostika və müalicə xidmətləri təqdim edir.
Xidmət istiqamətləri
- Neyrotravmatologiya və təcili (urgent) neyrocərrahiyyə
- Neyroonkologiya
- Serebrovaskulyar neyrocərrahiyyə
- Spinal neyrocərrahiyyə
- Periferik sinir cərrahiyyəsi
- Pediatrik neyrocərrahiyyə
- Funksional neyrocərrahiyyə
Təcili neyrocərrahi yardım
Klinikamızda 24/7 fəaliyyət göstərən ixtisaslaşmış neyroreanimasiya, Kompüter Tomoqrafiyası (KT), Maqnit Rezonans Tomoqrafiyası (MRT), angioqrafiya laboratoriyası, neonatal reanimasiya və digər ixtisaslaşmış şöbələr sayəsində bütün növ neyrotravmalar, politravmalar və təcili neyrocərrahi müdaxilələr operativ şəkildə həyata keçirilir.
Müalicə prosesində neyrocərrahlarla yanaşı travmatoloq, ümumi cərrah, kardioloq, torakal cərrah, ürək-damar cərrahı və üz-çənə cərrahı kimi müxtəlif ixtisaslar üzrə həkimlərin əməkdaşlığı multidissiplinar yanaşmanı təmin edir və beynəlxalq tibbi protokollara uyğun yüksək effektiv müalicə nəticələrinin əldə olunmasına imkan yaradır.
Neyroonkologiya
Beyin və onurğa beyni şişlərinin cərrahi müalicəsində müasir mikrocərrahi və endoskopik metodlardan istifadə olunur. Klinikamızda istifadə edilən Carl Zeiss əməliyyat mikroskopu cərraha əməliyyat sahəsini yüksək dəqiqliklə və 60 dəfəyədək böyüdülmüş görüntü altında izləməyə imkan verir. Bu isə sağlam toxumaların maksimum qorunmasına və əməliyyat travmasının minimuma endirilməsinə kömək edir.
Kəllə əsası cərrahiyyəsində endoskopik texnologiyalar sayəsində klassik mikroskopla əlçatmaz nahiyələrə minimal invaziv üsulla müdaxilə etmək mümkündür. Bu istiqamətdə Mərkəzi Klinika ölkədə endoskopik neyrocərrahiyyənin tətbiqinə başlayan ilk tibb müəssisələrindən biridir və bu sahədə uzunillik klinik təcrübəyə malikdir.
Serebrovaskulyar neyrocərrahiyyə
Beyin-damar xəstəliklərinin müalicəsində həm mikrocərrahi, həm də endovaskulyar üsullar tətbiq edilir. Xəstənin klinik vəziyyətinə uyğun olaraq ən optimal müalicə metodu seçilir və beynəlxalq standartlara uyğun şəkildə icra olunur.
Spinal neyrocərrahiyyə
Onurğa sütunu xəstəliklərinin müalicəsində fəqərələrin instrumentasiya ilə fiksasiyası, mikrocərrahi dekompressiya, onurğa beyni və onurğa şişlərinin xaric edilməsi, eləcə də spinal damar patologiyalarının mikrocərrahi və endovaskulyar müalicəsi həyata keçirilir.
Periferik sinir cərrahiyyəsi
Periferik sinir sistemi xəstəliklərinin cərrahi müalicəsinə nevroliz əməliyyatları, sıxılma (tunel) sindromlarının aradan qaldırılması, həmçinin periferik sinir şişlərinin mikrocərrahi üsulla xaric edilməsi daxildir.
Pediatrik neyrocərrahiyyə
Uşaq neyrocərrahiyyəsi sahəsində müasir pediatrik infrastruktur, neonatal reanimasiya və minimal invaziv cərrahi texnologiyalar tətbiq olunur. Endoskopik hidrosefaliya əməliyyatları, ventrikulostomiya və digər müasir pediatrik neyrocərrahi müdaxilələr yüksək beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir.
Funksional neyrocərrahiyyə
Funksional neyrocərrahiyyə sahəsində epilepsiyanın cərrahi müalicəsi üçün zəruri olan müasir diaqnostik və cərrahi avadanlıqlar klinikamızda mövcuddur. Müalicə prosesi hər bir xəstə üçün multidissiplinar komanda tərəfindən fərdi şəkildə planlaşdırılır və beynəlxalq klinik yanaşmalara uyğun icra edilir.
Həkimlərimiz
Asan, sürətli və əlçatan qəbul yazılması.






