Haqqımızda
Mərkəzi Klinika – Səhiyyədə etibarın ünvanı!
Mərkəzi Klinika Azərbaycanın səhiyyə tarixində özünəməxsus yeri olan, yarım əsrdən artıq fəaliyyət göstərən nüfuzlu tibb müəssisəsidir. Əsası 1965-ci ildə qoyulan klinika uzun illər ərzində dövlət və ictimai xadimlərə yüksək səviyyəli tibbi xidmət göstərmiş, xalq arasında "Leçkomissiya" adı ilə tanınmışdır.
1999–2001-ci illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə xəstəxana əsaslı şəkildə rekonstruksiya olunmuş, beynəlxalq standartlara uyğun yenidən qurularaq Mərkəzi Klinika adını almışdır. 2007-ci ildən etibarən klinika Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin tabeliyinə verilmişdir. Hazırda Mərkəzi Klinika Xüsusi Tibb Xidmətinin rəisi, dünya şöhrətli alim və həkim, nüfuzlu ictimai xadim, akademik Cəmil Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsini yaşayır.
Bu gün Mərkəzi Klinika Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən xəstəxana, ambulatoriya və stomatoloji mərkəzləri vasitəsilə əhaliyə yüksək texnologiyalı, müasir və kompleks tibbi xidmətlər təqdim edir. Vaxtilə ölkəmiz üçün əlçatmaz hesab edilən bir çox tibbi xidmətlər və mürəkkəb cərrahi əməliyyatlar, o cümlədən müasir ürək əməliyyatları, angioqrafiya, angioplastika, orqan transplantasiyası (ürək, böyrək, qaraciyər, sümük iliyi və s.), süni mayalanma, eləcə də çoxsaylı mürəkkəb ümumi cərrahiyyə əməliyyatları bu gün klinikada uğurla icra olunur.
Son dövrlərdə Mərkəzi Klinikada ölkəmizdə və bütövlükdə Cənubi Qafqaz regionunda ilk dəfə olaraq meyit donorundan ürək transplantasiyası uğurla həyata keçirilmiş və bununla da milli səhiyyə tarixində mühüm nailiyyət əldə edilmişdir.
Bu gün Mərkəzi Klinika milli səhiyyənin inkişafında aparıcı rol oynayan, innovativ tibbi xidmətləri, peşəkar həkim heyəti və pasiyent məmnuniyyətinə əsaslanan fəaliyyəti ilə cəmiyyətin etimadını qazanan, etibarlı və nüfuzlu tibb brendidir.
Missiyamız
Mərkəzi Klinikanın missiyası — pasiyentlərə ən yüksək səviyyəli, beynəlxalq standartlara uyğun tibbi xidmət göstərmək, sağlamlıqlarını etibarlı əllərə əmanət etmələrini təmin etməkdir. Bizim üçün hər bir xəstənin həyatı və rifahı önəmlidir.
Vizyonumuz
Gələcəyin səhiyyə modelini formalaşdırmaq, innovasiyalara əsaslanan, pasiyent yönümlü və davamlı inkişaf edən bir tibb müəssisəsi olaraq regionda lider mövqeyimizi qorumaq.

Mərkəzi Klinikanı seçmək üçün səbəblər
- Yüksək ixtisaslı tibbi heyət və dünya standartlarına uyğun xidmət
- Müasir tibbi texnologiyalar və avadanlıqlarla təchizat
- Bütün tibbi ixtisaslar üzrə kompleks xidmət və multidissiplinar yanaşma
- Mürəkkəb ürək-damar və beyin əməliyyatlarında yüksək uğur göstəriciləri
- Süni mayalanma, neonatal reanimasiya və nadir tibbi prosedurlar üzrə ilk və lider klinika
- Bakı və Gəncə şəhərlərində tam təchizatlı stasionar və ambulator mərkəzlər

Ön söz
Həsən Qəndilov Baş direktorMərkəzi Klinika olaraq, hər bir pasiyentimizin sağlamlığı və rifahı bizim əsas prioritetimizdir. Biz inanırıq ki, tibbi xidmət yalnız xəstəliklərin müalicəsi ilə məhdudlaşmamalı, eyni zamanda hər bir insanın həyat keyfiyyətini yüksəltməyə yönəlməlidir. Bu məqsədlə, pasiyentlərimizə fərdi yanaşma tətbiq edərək onların ehtiyac və gözləntilərini ən yüksək səviyyədə qarşılamağa çalışırıq.
Klinikamızda ən son tibbi texnologiyalar və beynəlxalq standartlara cavab verən müasir avadanlıqlar tətbiq olunur. Peşəkar həkimlərdən və təcrübəli tibbi heyətdən ibarət komandamız daim elmi yenilikləri izləyərək bilik və bacarıqlarını inkişaf etdirir. Bu da bizə pasiyentlərimizə dəqiq diaqnoz, effektiv müalicə və hərtərəfli tibbi dəstək göstərməyə imkan verir.
Biz, Mərkəzi Klinika kollektivi olaraq, yalnız bugünün deyil, sabahın da sağlamlıq tələblərinə cavab verə biləcək bir səhiyyə mühiti yaratmağa sadiqik. Sizin etibarınız bizim üçün ən böyük dəyərdir və bu etibarı doğrultmaq üçün yorulmadan çalışmaqdan qürur duyuruq.
Sağlamlığınız bizə əmanətdir.
