-
Category2026-09-30

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Ətraflı oxu
Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Transplant-kardioloq Oqtay Musayev Beynəlxalq Ürək Günündə ürək transplantasiyası ilə bağlı sualları cavablandırıb.

AZƏRTAC onun müsahibəsini təqdim edir.

-Həkim, ürək transplantasiyası nədir və hansı hallarda bu müalicəyə ehtiyac yaranır?

-Sadə dillə desək, ürək transplantasiyası xəstənin ürəyi artıq öz funksiyasını normal şəkildə yerinə yetirə bilməyəndə onun donorun sağlam ürəyi ilə əvəz olunmasıdır. Amma ürək çatışmazlığı olan hər xəstəyə transplantasiya lazım deyil. Əvvəlcə dərman müalicəsi və digər müalicə üsullarından istifadə olunur. Əgər xəstənin vəziyyəti ağırlaşırsa və bu müalicələr artıq kifayət qədər kömək etmirsə, o zaman ürək transplantasiyası nəzərdən keçirilir. Burada xəstənin yalnız ürəyinə baxılmır. Digər orqanlarının vəziyyəti, ümumi sağlamlığı və əməliyyata uyğun olub-olmaması da qiymətləndirilir. Əsas məqsəd yalnız xəstənin ömrünü uzatmaq deyil. İstəyirik ki, xəstə özünü daha yaxşı hiss etsin, ailəsinə və gündəlik həyatına qayıda bilsin.

-Ürək transplantasiyasını həyata keçirmək üçün nələr lazımdır?

-Ürək transplantasiyası yalnız əməliyyat otağında görülən iş deyil. Bunun üçün əvvəlcədən çox ciddi hazırlıq və koordinasiya lazımdır. İlk növbədə transplantasiyaya ehtiyacı olan xəstə düzgün müəyyən edilməlidir. Bu prosesdə kardioloq, ürək cərrahı, reanimatoloq və digər mütəxəssislər birlikdə qərar verirlər. Sonra donor məsələsi gəlir. Uyğun donorun müəyyənləşdirilməsi, donor ürəyinin vəziyyətinin yoxlanılması və orqanın qısa müddətdə təhlükəsiz şəkildə xəstəyə çatdırılması çox vacibdir. Əməliyyatın özü üçün də müasir avadanlıq, güclü reanimasiya xidməti, laboratoriya, qan və qan komponentləri, təcrübəli tibbi heyət lazımdır. Əməliyyatdan sonra isə xəstə uzun müddət həkim nəzarətində olur.

Yəni ürək transplantasiyasının arxasında bir əməliyyatdan daha böyük iş dayanır. Burada həkimlərdən tutmuş donor sisteminə və əməliyyatdansonrakı müalicəyə qədər hər mərhələ bir-biri ilə bağlıdır. Məhz bu sistemli fəaliyyətin nəticəsində biz 2025-ci ilin oktyabr ayında Qafqazda ilk ürək transplantasiyasını icra etdik.

-Qafqaz regionunda ilk ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi sizin üçün nə ifadə edir?

-Bu, mənim üçün ilk növbədə böyük qürur və məsuliyyətdir. Çünki söhbət yalnız bir əməliyyatdan getmir. Bu, Azərbaycan səhiyyəsi üçün yeni bir mərhələnin başlanğıcıdır. Ürək transplantasiyası çox ciddi hazırlıq və böyük komanda işi tələb edir. Bu əməliyyatın Azərbaycanda həyata keçirilməsi ölkəmizdə bu sahənin inkişafı baxımından mühüm addımdır.

Amma mənim üçün “ilk olmaq” qədər vacib olan həm də bu əməliyyatın davamlılığıdır. İlk transplantasiyanı həyata keçirmək böyük uğurdur, amma əsas məsələ bu təcrübəni davam etdirmək, yeni mütəxəssislər yetişdirmək və daha çox xəstəyə bu müalicəni təqdim edə bilməkdir.

-Transplant-kardioloqun bu prosesdə əsas rolu nədən ibarətdir?

-Transplant-kardioloqun işi xəstənin transplantasiyaya hazırlanmasından başlayır və əməliyyatdan sonra da davam edir. Əvvəlcə xəstənin transplantasiyaya ehtiyacı olub-olmadığını və bu müalicəyə uyğunluğunu müəyyən edirik. Xəstənin ümumi vəziyyətini, ürəyin nə qədər zəiflədiyini və digər sağlamlıq problemlərini nəzərə alırıq.

Donor tapıldıqda isə onun ürəyinin xəstə üçün uyğun olub-olmadığını qiymətləndiririk və xəstəni əməliyyata hazırlayırıq. Əməliyyatdan sonra da xəstəni izləməyə davam edirik. Yeni ürəyin necə işlədiyini, dərmanlara reaksiyanı və yarana biləcək problemləri nəzarətdə saxlayırıq. Mən transplant-kardioloqu bu prosesdə həm xəstəni, həm də müxtəlif həkimləri bir araya gətirən əsas mütəxəssislərdən biri kimi görürəm.

-Azərbaycanda orqan donorluğu və transplantasiyası sahəsində hüquqi və institusional baza necə formalaşdırılıb? Bu sahəyə dövlət səviyyəsində göstərilən diqqəti necə qiymətləndirirsiniz?

-Azərbaycanda son illərdə orqan donorluğu və transplantasiyası ilə bağlı ciddi hüquqi baza yaradılıb. Bu istiqamətdə ən mühüm addımlardan biri 2020-ci ildə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanunun qəbul edilməsi oldu. Bu qanun donorların, xəstələrin və tibb müəssisələrinin hüquq və vəzifələrini müəyyənləşdirir, orqanların götürülməsi, saxlanması, daşınması və transplantasiyası ilə bağlı əsas qaydaları müəyyən edir. Həmin qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı da mühüm addım oldu. Fərmanla orqan donorluğu və transplantasiyası sahəsində işlərin əlaqələndirilməsi üçün Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi yaradıldı.

Sonrakı mərhələdə donorlar və transplantasiya gözləyən xəstələrlə bağlı məlumatların idarə olunması, onların qeydiyyatı və orqanların bölüşdürülməsi kimi məsələləri əhatə edən mexanizmlər də formalaşdırıldı. Yəni burada təkcə qanunun qəbulundan söhbət getmir. Məqsəd donorun müəyyənləşdirilməsindən başlayaraq orqanın xəstəyə çatdırılmasına və sonrakı müalicəyə qədər bütün prosesi əhatə edən sistem qurmaqdır. Bu gün fəxrlə deyə bilərik ki, ölkəmizdə bu işlər sistemli şəkildə və müasir tələblərə uyğun qurulub.

-Ürək transplantasiyasından sonra xəstənin həyatında hansı dəyişikliklər baş verir? Yeni ürəklə normal həyata qayıtmaq mümkündürmü?

-Əməliyyat başa çatdıqdan sonra əslində xəstənin həyatında yeni mərhələ başlayır. İlk vaxtlarda xəstə daha ciddi həkim nəzarətində olur. Yeni ürəyin necə işlədiyi, orqanizmin müalicəyə reaksiyası və ümumi vəziyyət mütəmadi yoxlanılır. Xəstə yeni ürəyin orqanizm tərəfindən qəbul edilməsi üçün xüsusi dərmanlar qəbul edir. Bu dərmanların, adətən, uzunmüddətli, bəzi hallarda ömür boyu qəbul edilməsi lazım gəlir.

Bununla yanaşı, mütəmadi müayinələrdən keçmək, həkim tövsiyələrinə əməl etmək, düzgün qidalanmaq və fiziki aktivliyi qorumaq vacibdir. Bütün bunlara baxmayaraq, transplantasiyadan sonra xəstələr tədricən gündəlik həyatlarına qayıdır. Bizim üçün ən gözəl nəticə də budur – xəstənin özünü yaxşı hiss etməsi, ailəsi ilə vaxt keçirməsi və normal həyatını davam etdirməsi. Çünki transplantasiyanın əsl məqsədi xəstəyə, sadəcə, yeni ürək vermək deyil. Əsas məqsəd ona həyatını yenidən davam etdirmək imkanı yaratmaqdır.

-Ürək transplantasiyasının Azərbaycanda inkişafı üçün cəmiyyət olaraq nəyə ehtiyacımız var?

-Transplantasiya yalnız həkimlərin işi deyil. Burada cəmiyyətin də çox böyük rolu var. Çünki transplantasiya üçün ən vacib məsələlərdən biri donor orqanının olmasıdır. Ona görə də insanların orqan donorluğu barədə düzgün məlumatlandırılması çox vacibdir. İnsanlar donor olmağın nə demək olduğunu, prosesin necə həyata keçirildiyini və bunun hansı hüquqi və tibbi qaydalarla tənzimləndiyini bilməlidirlər.

-Fikrimcə, burada ən vacib məsələ maarifləndirmədir. İnsanlara hər hansı qərarı qəbul etməzdən əvvəl düzgün və aydın məlumat verilməlidir. Çünki bir ailənin yaşadığı ağır itki başqa bir ailəyə həyat ümidi verə bilər.

-Ürək transplantasiyası sahəsində beynəlxalq təcrübədən yararlanmaq nə dərəcədə vacibdir?

-Çox vacibdir. Çünki dünyanın müxtəlif ölkələrində bu sahə üzrə uzun illər ərzində böyük təcrübə toplanıb. Biz həmin təcrübədən xəstələrin seçilməsi, donor ürəyinin qorunması, əməliyyatdansonrakı müalicə və xəstələrin uzunmüddətli izlənməsi kimi məsələlərdə çox şey öyrənə bilərik.

Amma məqsəd başqa ölkələrin təcrübəsini olduğu kimi Azərbaycana gətirmək deyil. Əsas məsələ öyrəndiklərimizi öz səhiyyə sistemimizə və imkanlarımıza uyğunlaşdırmaqdır.

Eyni zamanda, biz yalnız öyrənən tərəf olmamalıyıq. Azərbaycanda əldə etdiyimiz təcrübəni beynəlxalq həmkarlarımızla da bölüşmək vacibdir.

Yeri gəlmişkən, əldə etdiyimiz bu uğurlu təcrübəni bölüşmək məqsədilə bu günlərdə Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Ürək çatışmazlığı üzrə Beynəlxalq Forumda Qafqazda ilk ürək transplantasiyasını həyata keçirən ürək-damar cərrahı professor Kamran Musayevlə birlikdə iştirak etdik. Dünyanın aparıcı ürək çatışmazlığı və transplantasiya mərkəzlərindən - ABŞ, Almaniya, İsveç, Qazaxıstan, Serbiya, BƏƏ və digər dövlətlərdən olan həmkarlarımıza ölkəmizin ürək transplantasiyası proqramını və əldə etdiyimiz ilk nailiyyətləri təqdim etdik. Həmkarlarımızın diqqəti və xoş təəssüratları bizi qürurlandıran daha bir nüans oldu.

 

-Azərbaycanın ilk transplant-kardioloqu kimi bu sahənin gələcəyi ilə bağlı planlarınız və hədəfləriniz nələrdir?

-Əsas məqsədim ürək transplantasiyasının Azərbaycanda davamlı şəkildə inkişafına öz töhfəmi verməkdir.

Bunun üçün yeni mütəxəssislərin hazırlanması, komandanın təcrübəsinin artırılması və dünyanın aparıcı transplantasiya mərkəzləri ilə əməkdaşlığın davam etdirilməsi vacibdir.

Digər tərəfdən, xəstələrin transplantasiyaya vaxtında yönləndirilməsi və əməliyyatdan sonra onların düzgün şəkildə izlənməsi də çox önəmlidir.

İlk transplantasiyanın həyata keçirilməsi böyük bir başlanğıcdır. İstəyirəm ki, bu təcrübə yalnız bir uğur kimi yadda qalmasın, həmçinin gələcəkdə Azərbaycanda güclü və davamlı ürək transplantasiyası məktəbinin başlanğıcı kimi xatırlansın.