Dünyada minlərcə insan xroniki böyrək çatışmazlığı səbəbilə orqan gözləyir. Orqan bağışlamanın istənilən sayda olmamasına görə bəziləri bu gözləmənin nəticəsində həyatını itirir. Bəziləri isə yaxınlarından aldığı orqanla həyata təkrar tutunur. Dünya nüfuzu artdıqca xroniki böyrək çatışmazlığı olan insanlar da artır.Eləcə də Azərbaycanda hal-hazırda bir milyon əhaliyə 450-550 böyrək çatışmazlığı xəstəsi düşür.
Xroniki böyrək çatışmazlığı nədir?
Xroniki böyrək çatışmazlığı böyrəklərin işləməsinin yavaşlaması və dayanmasına bağlı olaraq qanda olan su, duz, və digər mineralların balansının pozulmasıdır. Böyrəklər işləməyəndə elektrolitlər və artıq mayelər bədəndə yığışmağa başlayır və bu maddələrin səviyyəsi yüksəldikcə ölümcül nəticələr verə bilər. Böyrək çatışmazlığı başlanğıcda hər hansı bir əlamət görülməyə bilər amma böyrəklərin funksiyaları pozulduqca bədəndəki su və elektrolit balansı pozulmaya başlayır, gücsüzlük, nəfəs darlığı kimi ilk əlamətlər hiss edilir. Bu zaman ayaqlar başda olmaqla bədəndə şişlik əmələ gəlir. Böyrəklər lazımi funksiyaları yerinə yetirə bilmədiyi üçün sidik çıxışı çox az olur. Bunun xaricində böyrəklər hər cür vəziyyətə asan uyğunlaşdığı üçün, böyrək çatışmazlığının ciddi əlamətləri, böyrəklər geri dönülməz şəkildə zərər görənə qədər ortaya çıxmaya bilər. Böyrək çatışmazlığı həyati təhlükəsi və yüksək maliyyəti səbəbilə çətin bir xəstəlik olduğu üçün nə qədər erkən diaqnoz qoyularsa orqan itkisi və ölüm riski o qədər düşməkdədir. Bu səbəblə böyrək çatışmazlığının başlanğıc əlamətləri, diaqnozu, müalicəsinə uyğun kriteriyaları bilmək həyati vacibdir. Son illərdə böyrək çatışmazlığının rastgəlmə tezliyi getdikcə artmaqda və yüksək ölüm riskinə səbəb olması səbəbilə ciddi bir sağlıq problem halına gəlmişdir.
Xroniki böyrək çatışmazlığının əlamətləri:
1.Ürəkbulanma
2.Qusma
3.İştahasızlıq
4.Yorğunluq,zəiflik
5.Yuxu pozğunluğu
6.Sidik çıxışında dəyişikliklər
7.Əzələ zəifliyi və əzələ ağrıları
8.Yüksək təzyiq
Xroniki böyrək çatışmazlığının yaranma səbəbləri:
Xroniki böyrək çatışmazlığı müxtəlif səbəblərdən yarana bilər. Ümumi olaraq ən çox görülən səbəb şəkər xəstəliyi, yüksək təzyiq, nefritlər, uroloji səbəblər və kistik böyrək xəstəlikləridir. Bu səbəblərin sıxlığı ölkələrə görə dəyişir. Bu səbəblər içərisində 39 % şəkərli diabet, 26 % hipertenziya və 11 % qlomerulonefritlər yaratmaqdadır. Uşaq yaş qrupundakı xəstələrdə isə böyrək çatışmazlığına aparan ən vacib səbəblər isə vezikuloureteral rekluks, təkrarlayan urinar infeksiyalar, xroniki glomerulonefritlərdir. Yüksək təzyiq fonunda böyrək içindəki nazik damarlarda tıxanıqlıq yaranır.Artan qan təzyiqinə görə böyrəklər kiçilərək funksiyasını itirir və böyrək çatışmazlığı yarana bilir. Buna görə təzyiq tez-tez kontrol olunmalıdır. Yüksək təzyiq kontrola alınanda böyrək çatışmazlığı riski xeyli düşür. Səbəbi bilinən yüksək təzyiq xəstələri əsasən böyrək xəstəliklərinə bağlı olur.
Risk faktorları hansılardır:
Xroniki böyrək çatışmazlığı hər kəsin başına gələ biləcək bir xəstəlikdir. Amma təbii ki, hər xəstəlikdə olduğu kimi bu xəstəlikdə də risk yaradan bəzi faktorlar vardır. Məsələn: diabet, yüksək təzyiq, ürək problemləri, siqaret çəkmək, köklük, qanda xolesterin səviyyəsi, ailədə görülən böyrək problemləri, 65 yaş və 65dən yuxarı yaşda olmaq.
Xroniki böyrək çatışmazlığına necə diaqnoz qoyulur?
Xəstələrin çoxu erkən və ya orta mərhələdə olub, bu mərhələlərdə şikayətləri ya çox az və ya heç olmur. Bu səbələ bu cür xəstələrin diaqnozu üçün klinik müayinə, biokimyəvi analizlər və sidik analizinə əsasən qoyulur.
Xroniki böyrək çatışmazlığının gedişatı necədir?
Xroniki böyrək xəstələrinin çoxunda son vaxtlarda böyrək çatışmazlığı meydana çıxır. Bu xəstəliyin gedişatı boyunca nefroloqun məsləhət gördüyü aralıqlarda kontrol edilməli və şikayətlərdə dəyişiklik olduğunda müraciət etmələri son dərəcə önəmlidir.

Xroniki böyrək çatışmazlığının müalicəsi nədir?
Son vaxtlarda böyrək çatışmazlığının müalicəsində 2 metod vardır:
1. Dializ müalicəsi
2. Böyrək transplantasiyası
1.Dializ müalicəsi də iki şəkildə olur. Hemodializ xəstə qanının damardan alınaraq, təmizlənib təkrar xəstəyə verildiyi sistemdir. Hemodializ üçün xüsusi tibbi aparatlar istifadə olunur və xəstə ehtiyacına görə həftədə 1-3 dəfə olur. Digər metod isə periton dializidir ki, bu zaman qarın boşluğuna verilən mayeyə zərərli maddələrin keçməsi və daha sonra bu mayenin boşaldılmasına əsaslanır.
2.Böyrək transplantasiyası isə uyğun canlı vericisi olan xəstələrdə həyata keçirilir. Eyni zamanda bəzi ölkələrdə beyin ölümü keçirmiş xəstələrdən orqanları alınaraq uyğun xəstələrə köçürülməsilə də böyrək transplantasiyası həyata keçirilir.Dünyada ilk dəfə böyrək transplantasiyası 1954-cü ildə Joseph E. Murray köçürmüş, 1990-cı ildə kəşfinə görə Nobel Tibb Mükafatına layiq görülmüşdür.Böyrək transplantasiyası xroniki böyrək çatışmazlığının ən ideal müalicə metodudur.
Mərkəzi Klinikanın Ümumi Cərrahiyyə şöbəsində növbəti uğurlu böyrək transplantasiyası həyata keçirdik. 22 yaşlı xəstəmiz böyrək çatışmazlığı səbəbilə xəstəxanamıza müraciət etdi. Xəstə 6 yaşındaykən bir böyrəyi xəstəlik səbəbilə cərrahi əməliyyatla çıxarılmışdı. 1 il bundan əvvəl səbəbi bilinməyən böyrək çatışmazlığı səbəbindən ikinci böyrəyi öz funksiyasını itirərək xroniki böyrək çatışmazlığı yaranmışdır. 1 ilə yaxın idi ki, xəstə həftədə 3 dəfə olmaq şərtilə dializə girirdi. Bu da xəstənin getdikcə ümumi vəziyyətinin pisləşməsinə gətirib çıxarmışdı. Aparılan müayinələrdən sonra böyrək transplantasiyanın köçürülməsinin lazım olduğu bildirildi. Bu zaman xəstə donorunun olduğunu, anasının qohumu və 30 yaşının olduğunu bildirdi. Donor da xəstəxanamıza müraciət etdi. O, könüllü olaraq öz böyrəyinin birini qohumuna vermək istədiyini qeyd etdi. Xəstənin və donorun qanının eyni qan qrupu olmasını nəzərə alaraq hər ikisinə geniş müayinələrin aparılmasına başlanıldı. Aparılan müayinələrin nəticəsinə əsasən donorun böyrəyini xəstəyə köçürülmək üçün uyğun olduğu görüldü. Aparılan tam əməliyyatönü hazırlıqdan sonra cərrahi briqadamiz tərəfindən donorun sol böyrəyi alınaraq xəstəmizə köçürüldü. Əməliyyat uğurla başa çatdı.
Hal-hazırda hər ikisinin ümumi vəziyyəti normaldır. Xəstəmiz artıq dializə girmir. Nefroloqun nəzarəti altında mütəmadi olaraq kontrollarına gəlir. Sonda onu qeyd edim ki, Böyrək Çatışmazlığının ən ideal müalicəsi böyrək transplantasiyasıdır. Hər kəsi öz yaxınlarında bu xəstəlikdən əziyyət çəkən varsa orqan bağışlayıb həyatını xilas etməyə çağırıram!
Ümumi Cərrah,Transplantoloq Tariyel Nadirov, Dr. Səmra Mehdiyeva

