Övladının revmatik xəstəliyi olan valideynlərə İLKİN TÖVSİYƏLƏR
Mərkəzi Klinikanın pediatr-revmatoloqu Sevda Mustafayeva övladında revmatik xəstəliyə rast gəlinən valideynlərə tövsiyələr verib.
Aztibb.az həmin tövsiyələri təqdim edir:
- Yuvenil idiopatik Artrit artıq müalicə edilə bilən bir xəstəlikdir.
- Düzgün nəticə almaq üçün bu müalicənin müntəzəm və fasiləsiz icra olunması vacibdir.
- Revmatoloqun xəbəri olmadan müalicədə ən kiçik dəyişiklik belə edilməməlidir.
- Hər bir xəstəyə uyğun olaraq düzgün dərmanın seçilməsi, fərdi əsasda tam qərara alınması bəzən bir neçə ay ala bilər.
- Müalicədə ən önəmli amil valiideynlərin həkim ilə güvənli iş birliyidir və ona güvənidir.
- Tibbi əsası olmayan mənbələrdən əldə edilən məlumatlar (internet, tanış tövsiyələri və s) əsasən sadəcə zərər verir.
- Bu xəstəlik üçün xüsusi bir pəhriz növü yoxdur. Bununla belə, ideal bədən çəkisini saxlamaq vacibdir.
Həkim əlavə edib ki, zədələnmiş oynağa istirahət mütləqdir. Məsələn, dizdə şişkinlik varsa pilləkanlardan istifadə etmək, məcburən yerimək, dizi qatlayaraq hərəkət etmək olmaz. Əl barmaqlarında, biləkdə aktiv prosses varsa yazı yazmaq , xırda motorikalı hərəkətlərdən qaçılmalıdır.
"Eyni zamanda, tam hərəkətsizlik də yalnışdır. Passiv, ağrı yaratmayan yumşaq hərəkətləri etmək lazımdır ki ətrafların əzələlərində zəiflik, oynaqlarda isə tam hərəki məhdudiyyətə gətirib çıxaran kirəçləşmə əmələ gəlməsin".
Zədələnmiş oynaq üzərinə isti kompress, sarımalar, isti su vannaları və s. qəti qadağandır. Əksinə, buz gel tərkibli paketlərdən istifadə tövsiyə olunur.