Populyar məqalələr

Yenicə ana olan və ya ana olmağa hazırlaşan xanımların diqqətinə!

Ilk dəfə ana olan qadınlar çox vaxt körpə ilə necə rəftar edəcəyini, necə qulluq edəcəyini bilmir. Bunu nəzərə alaraq yenidoğulmuşların bəzi özəlliklərini yenicə ana olan və ya ana olmağa hazırlaşan xanımlara təqdim edirik. 

Normal yenidoğulmuşun ortalama bədən kütləsi 3200 (2500-4000), boyu 50sm (48-55), baş çevrəsi 35sm-dir. Oğlan uşaqları qızlara nisbətən bir qədər iri doğulur. Doğuşdan sonrakı ilk günlərdə ana südünün bir qədər az olması orqanizmdə olan artıq mayenin sidik və dəri yoluyla atılması ilə bağlı uşaq çəkisinin 100-300qr-a qədərini itirir. Normal qidalandırılan uşaq bir neçə gün sonra çəkisini artırmağa başlayır. 7-15 gün ərzində doğulduğu çəkiyə çatır. İlk iki həftə sonra yenidoğulmuş həftədə ən azı 150 qr almalıdır. Uşağın doğulduğu çəkiyə çatması dövrü uzanarsa, uşaqda dodaqların quruması (susuzluq), hərarətin yüksəlməsi kimi əlamətlər varsa mütləq həkimə müraciət olunmalıdır.

Yenidoğulmuşun bədən proporsiyaları böyuk uşaqlardan və yaşlılardan fərqlənir. Yeni doğulmuşun başı böyük, qolları və ayaqları qısadır. Boynu qisa, alt cənə kiçik, qarın şişkindir. Dəri çəhrayı, arabir mərmərşəkilli ola bilər.

Doğuşdan sonrakı ilk günlərdə uşaq ana bətnindəki pozasını saxlamağa çalışır (ayaqlar dizdən, qollar dirsəkdən bükülü, əllər yumruq şəklində). Burunun üstündə ağ nöqtələr, kürəkdə, sağrı və büzdüm nahiyəsində mavi-göy ləkələr müşahidə oluna bilər. Qarabuğdayı uşaqlarda bu ləkələr daha çox rast gəlinir. Bu ləkələr tədricən azalaraq 4-5 yaşında tamamilə itir.

İlk sidik ifrazı ilk 24 saatda, ilk nəcis ilk 48 saatda olmalıdır. İlk nəcis tünd yaşıl, yapışqan, qatıdır. İlk həftənin sonunda keçid nəcis yaşıl, bir qədər duru, daha sonra sarı, turş iyli, qatı sıyıqşəkilli olmalıdır. Gündə 8-10 dəfə sidik, 4-5 dəfəyə qədər nəcis ifrazı qeyd olunur.

Yenidoğulmuş uşaq bütün istəklərini ağlayaraq bildirir. Uşaq ağlayırsa ac və ya altı kirli ola bilər. Çox isti və ya soyuqdan, qazı, qarın ağrısı olduğundan, səs-küydən narahat olub ağlaya bilər. Bu dövrdə uşağı qucağa götürmək uşağı ərköyün etməz, əksinə rahatsızlığı tez bir zamanda aradan qaldırılan uşaqlar özlərini daha güvəndə hiss edir və gələcəkdə daha rahat olurlar. Yenidoğulmuşlarda  toxunma duyğusu artıq inkişaf etmişdir. Yumşaq, incə toxunmaları hiss edib rahatlanırlar.

İlk aylarda yenidoğulmuşlar günün 20-22 saatını yuxuda keçirir. Bu yuxu dərin deyil. Yuxuda gözlərini oynadır, səslər çıxarır, əmmə hərəkəti edirlər. Gecə-gündüz anlayışları inkişaf etməmişdir. Uşağa gecə-gündüz fərqini öyrətmək üçün gündüz daha səsli, canlı, gecə isə mümkün olduğu qədər sakit, qaranlıq bir ortam yaratmaq lazımdır.

Yenidoğulmuş uşaq ya kürək ya böyrü üstə yatırılmalı, yataq çox yumşaq olmamalı, ətrafında yumşaq oyuncaqlar olmamalıdır.

Yenidoğulmuşun başında kəllə sümükləri arasında sümükləşməmiş sahələr (əmgək) vardır. Kiçik əmgək ilk ayda, böyuk əmgək ilk 12 ayda bağlanır.

Oğlan uşaqlarında xayalar xayalığa enməmiş ola bilər. Belə olduqda həkimə müraciət edin. Həm oğlan, həm də qız uşaqlarında anadan keçən hormonlar nəticəsində süd vəzilərində şişkinlik, qızlarda  uşaqlıq yolundan qanlı ifrazat qeyd oluna bilər. Bu əlamətlər müəyyən vaxtdan sonra öz-özunə keçib gedir, müalicə tələb etmir. Yenidoğulmuşların yarısından çoxunda doğulduqdan 48 saat sonra fizioloji sarılıq qeyd olunur. 8-10 gündən keçib gedir. Buna baxmayaraq sarılığı olan uşaqlar mütləq nəzarətdə saxlanmalı, sarılıq ilk 48 saat içində yaranarsa, artarsa və ya uzanarsa həkimə müraciət olunmalıdır.

Yenidoğulmuşlarda doğulan andan əmmə, ağzı ilə axtarma, tutma, addımlama kimi şərti reflekslər qeyd olunur. Bu reflekslərin zəif alınması və ya alınmaması hər hansı bir xəstəliyə işarədir. Belə halda mütləq həkimə müraciət olunmalıdır. Hıçqırma, asqırma, əsnəmə, qaz çıxarma, çənənin, əllərin, ayaqların titrəməsi, qidalandırılandan sonra bir qədər qaytarma qeyd oluna bilər. Belə hallar normal hal kimi dəyərləndirilir və müalicə tələb etmir.

T.ü.f.d. Dr. Nigar Hüseynova


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):