Allergiya orqanizmin hər hansı maddəyə qarşı yüksək həssaslığı, reaksiyasıdır. Allergiya dəridə səpkilər, ümumi zəiflik və selikli qişanın qıcıqlanması ilə özünü büruzə verə bilir. Həkimlərin bildirdiklərinə görə, hər 7 insandan biri allergiya xəstəliyindən əziyyət çəkir. Allergik xəstəliklərə pollinoz (bitkilərə qarşı həssaslıq), allergik rinit (məişət tozuna qarşı həssaslıq), bronxial astma, atopik bronxial astma, qida və dərman allergiyası aiddir.
Allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin, insan orqanizmindən asılı olaraq bəzi allergiyalar mövsümi xarakter daşıdığından, əsasən yaz və payız aylarında özünü daha qabarıq şəkildə göstərir. Mövsümi allergiyalar təbiətdə baş verən dəyişikliklərlə əlaqədar yaranır. Baharın gəlişi ilə özünü daha qabarıq büruzə verən “allergiya” xəstəliyi bir çox insanları narahat edir. El arasında “Bahar xəstəliyi” də adlanan allergiya ağacların çiçək açdığı ərəfədə daha da fəallaşır. Səbəb isə çiçəklərin tozlanmasıdır. İyul və avqust aylarında isə ambroziya və alaq otlarının səbəb olduğu allergiyalar ön plana çıxır. Allergiyaya ağacların tozlanması ilə yanaşı, mövsümü qidalar da təsir edir. Çiyələk, fındıq, yumurta, balıq, kif göbələkləri də buna səbəb ola bilər. Allergenlərin orqanizmə dəridən, tənəffüs və qida yolları vasitəsilə keçirlər.
Allergiyanın əsas əlamətləri dərinin qızarması və qaşınması, başağrısı, burun axması, tez-tez asqırmaq, gözlərin sulanması, təngnəfəs olmaq və çətin nəfəs almaqdır. Mövsümindən asılı olmayaraq isə ən çox yayılmış allergenlərdən biri – məişət tozudur. Məişət tozuna qarşı olan allergiya əksər hallarda öskürək, rinit (zökəm), az-az hallarda isə konyunktivit şəklində təzahür edir. Xəstəliyin əlamətləri bütün il boyu qeyd edilir, havanın nəmliyinin daha yüksək olduğu payız və qış aylarında isə xəstələr özlərini daha pis hiss edirlər.
Allergiyaya qarşı mübarizə aparmaq üçün məsləhət görülən üsullar:
- heyvan saxlanılmayan, ev bitkiləri yetişdirilməyən rütubətsiz bir otaqda yaşanılmalı;
- Otaqlarınızda toz yığa bilən əşyalarıın sayını (kitab rəfləri, yumşaq oyuncaqlar, divan və kresloların üstünə sərilən qalın örtüklər və s.) mümkün olduqca azaldın;
- İçərisində yun, pambıq, quş tükü olan yataq əşyaları (yorğan, döşək, yastıq) sintetik ev əşyaları ilə (porolon, poliester, sintefon və s.) əvəz edin;
- İlin istənilən fəslində otaqlarınız havasını dəyişin;
- Hər hansı bir qidaya qarşı allergiya hiss olunarsa, mütləq həmin qidadan imtina edilməlidir;
- havaya qarşı allergiyası hiss olunduqda isə, evdən çıxmamağa, pəncərə və qapıları müəyyən zaman ərzində bağlı saxlamağa çalışmaq lazımdır.
Ümumiyyətlə isə özünüzdə allerqolik əlamətlər hiss edirsinizsə, dərman və ya digər müalicəvi maddələrdən istifadə etməmişdən əvvəl mütləq həkimə müraciət edin.