Populyar məqalələr

Epilepsiya xəstələrinə yardım edək!

Epilepsiya xəstəliyi əhalinin 1%-də rast gəlinir. Bu xəstəlik beyinin elektrik aktivliyi və kimyəvi siqnallarla əlaqəsi olan çoxsaylı sinir hüceyrələrindən əmələ gəlir.

Sinir hüceyrələrinin işini pozan siqnallar insanın davranış və dərketməsinə təsir edir. Epilepsiya qıcolma tutmaları ilə özünü göstərir.

Epilepsiya əsasən anadangəlmə xəstəlik olub 5-6 yaşlarda büruzə verir. Çox zaman uşağın temperaturu qalxarkən qıcolmalar baş verir. Qıcolmalar uzun fasilədən sonra və ya gündə bir neçə dəfə təkrarlana bilir.

Südəmər və körpələrdə epilepsiyanın olmasını müxtəlif əlamətlərlə təyin etmək olar:

  • ­­­­Uşağın başının tez-tez önə əyilməsi
  • Qollarını arxaya əyməsi
  • Ətrafdakılara ani olaraq biganə olması
  • Başını ritmik sallaması
  • Tez-tez gözlərini qırpması
  • Ardıcıl olaraq qeyri-adi hərəkətlər etməsi
  • Əllərində və ayaqlarında, bədənində təkrarlanan yığılmalar
  • Tez-tez yıxılma
  • Pis dad və qoxu hissiyyatından şikayətlənməsi
  • Səbəbsiz qorxma və əsəbilik

Epilepsiya qıcolmaları arası dövrdə ilk baxışda uşaq sağlam kimi görünür. Lakin, epileptik ensefalopatiya inkişaf etdiyi üçün narahatlıq, yaddaş pozulması, diqqət və qavrama zəifliyi əmələ gəlir. İnkişafdan qalma, oxuma, nitq, hesablama, yazma qabiliyyəti geri qalır.

İrsiyyət faktorundan başqa epileptik ocaqların yaranmasına bəzi xəstəliklər də səbəb olur:

  • beyin şişləri
  • alkoqolizm
  • insult
  • travmalar
  • infeksiyalar
  • dərman qəbulu (antidepressantlar, neyroleptiklər və s.)

Əgər epilepsiya tutmaları yarım saata qədər davam edərsə və yaxud tez-tez təkrarlanarsa bu zaman xəstə huşunu itirər. Belə vəziyyətə epileptik status deyilir. Nəticədə xəstənin tənəffüsü pozulur ürək fəaliyyəti dayanır. Beyin ödəmi nəticəsində koma, hətta ölüm ola bilir.

Epilepsiya xəstələri və onların yaxınları bəzi qaydalara əməl edərsə və məlumatlı olarlarsa normal həyat sürməsi davam edə bilər. Həkimin təyin etdiyi dərmanları dəqiq, müntəzəm qəbul etdikdə beyin kənar qıcıqlardan müdafiə oluna bilər. Belə ki, xəstə işləyə bilər, kompüterdən, televizordan istifadə edə bilər, kitab oxuya bilər və hətta təyyarədə uça bilər.

Lakin, bəzi hərəkətlər qadağan olunmalıdır:

  • avtomobil sürmək
  • özbaşına dərman qəbulunu dayandırmaq
  • dənizdə və hovuzda nəzarətsiz çimmək
  • müntəzəm spirtli içkilər içmək
  • gecə növbədə qalmaq
  • qəhvə, tünd çay içmək
  • şokolad, sarımsaq, soğan, acı istiot yemək

Sadə epileptik tutmalar(fokal) hissi, hərəki, psixi pozğunluqlar, tərləmə, nəbzin tezləşməsi, təngnəfəslik kimi əlamətlərlə görünə bilir. Hissi əlamətlər aura adı verilən qeyri-adi hissiyyat şəklində olur. Bunlar fərqli görüntü, qoxubilmə kimi də ola bilir.

Bəzən çox kəskin qorxu, sevinc, həyəcan, ürəkbulanma, başgicəllənmə, qaşınma hissi, üzün rənginin solması və ya qızarması kimi də meydana çıxır. Sadə, fokal qıcolmalar ani başlayıb bir neçə saniyə davam edir. Aura ilə əmələ gəlib hərəki əlamətlərə və ya ümumi qıcolmalara çevrilə bilir.

 Ümumi qıcolmalar bütün beyinə yayılan elektrosiqnallar nəticəsində baş verir. Bu zaman bədəndə yığılmalar, gərginlik, titrəmələr, tonik-klonik qıcolmalar əmələ gəlir.

Epilepsiyanın xüsusilə, kiçik uşaqlarda müxtəlif növləri ayırd edilir. Çox rast gəlinən növündən biri bədən temperaturu yüksələn zaman baş verən qicolmalardır. Belə tonik-klonik qıcolmalar zamanı uzun müddətə təyin olunan dərmanlar qəbul etməyə ehtiyac yoxdur.

Aşağıdakı hallarda belə uşaqlarda epilepsiya əmələ gəlmə riski olur.

  • tutma 12-15 dəqiqədən artıq sürərsə və ya 1 sutka ərzində təkrarlanarsa.
  • ailədə epilepsiya anamnezli varsa.
  • uşağın beyin xəstəliyi olubsa və inkişafında qusur varsa.

Bir çox xəstəliklər, o cümlədən yüksək temperatur, kalsium çatmazlığı, qanda şəkərin aşağı səviyyəsi qıcolmalara səbəb ola bilər. Ona görə də əvvəlcədən xəstənin tibbi müayinədən keçməsi və bəzi testlərin aparılmasının əhəmiyyəti vardır.

Qıcolma tutmaları baş verəndə diqqətli şəkildə onu izləmək, yanında olan hər kəsin bu hadisəni təsvir edəcək qədər yadda saxlaması lazımdır. Çünki həkim belə qıcolma zamanı xəstəni görməyə bilər. Siz həm tutmaların necə olduğunu, nə qədər davam etdiyini, neçə dəfə təkrarladığını, nədən sonra baş verdiyini qeyd etməklə həkimə kömək etmiş olarsanız.

  • Tutmadan əvvəlki və sonrakı davranışını yazın.
  • Tutmadan əvvəl nə edirdi ?
  • Tutmaya səbəb ola biləcək faktorları yadda saxlayın. Məsələn, yuxusuzluq, televizora çox baxması, son günlərdə keçirdiyi xəstəliklər, spirtli içki və ya narkotik qəbulu, ac qalması halları olmuşdurmu?
  • Bir neçə saat və ya gün əvvəl davranışında dəyişiklik, sayıqlama, narahatlığı olmuşdurmu?
  • Tutma zamanı onu hiss etdimi, bədənin harası, hansı tərəfi əvvəlcə hərəkət etdi?
  • Başı hansı tərəfə əyildi?
  • Qışqırdımı, nəfəs almağı çətinləşdimi, yıxıldımı, sidik ifraz etdimi və s.

Epilepsiyanın əsas müalicəsi dərmanlarla aparılır. Lakin, hər xəstə orqanizmi dərmanlara fərqli reaksiya verir. Ona görə də qıcolma tutmalarını nəzarət altına almaq üçün həkim dozaları tənzimləməlidir və bunun üçün də vaxtaşırı təqib olunmalıdır.

Dərmanların qandakı miqdarını təyin etmək üçün analizlər aparılır. Dərmanın qandakı səviyyəsi zəhərlənmə və fəsadlar verməmək şərti ilə xəstənin tutmalarının qarşısını ala biləcək dozada təyin olunmalıdır.

Dr. Əli Ələkbərov

Əgər, dərmanlarla müalicənin effekti görünməzsə cərrahi əməliyyat düşünülə bilər.

Əməliyyat zamanı qıcolmalara səbəb olan mərkəzdə beynin bir hissəsi çıxarılır və ya beynin digər tərəfinə keçən yollar kəsilərək qıcolmanın yayılmasının qarşısı alınır.

Epilepsiya olan xəstələrə xüsusi pəhriz təyin olunur:

Yağlı, kremli və mayonezli qidalar zülal və karbohidratla zəngin qidalar ciddi şəkildə azaldılır. Beləliklə, qıcolmaların qarşısını alan metobolik bir şərait yaranır. Lakin, belə pəhrizdə bəzi vitamin və minerallar olmadığı üçün həkimin tövsiyəsi ilə müəyyən tibbi dəstək də lazım olur.

Pəhriz saxlayan zaman xəstələrin təqribən 30%-i bu qıcolmalardan qurtara bilir.

Xəstənin və yaxınlarının həkimə inamının böyük əhəmiyyəti vardır.

Epilepsiya haqqında məlumatı olmayan valideynlər özlərini itirir, çarəsiz hiss edirlər. Ona görə də məlumatlı olsanız həm özünüzü güclü hiss edər, həm də tibbi yardım, xəstəyə qulluq, güvənli olmaq və digər məsələlərdə rahat olarsınız.

  • İlk yardım kimi epilepsiya əlamətləri hiss edərkən onun yanından uzaqlaşmayın
  • Sakit olub ətrafdakıları da sakit edin
  • Yanındakı təhlükəli əşyaları yığışdırın
  • Başının altına yumşaq yastıq və ya paltar qoyub uzadın
  • Yaxasını açın
  • Onun hərəkət etməsinə mane olmayın, əl-ayağını tutmayın
  • Ağzına heç nə salmayın, dilini tutmayın, dilin qaçmasından qorxmayın
  • Sakitləşməyə başlayanda yan üstə uzadın. Beləliklə, seliyinin və qusuntunun tənəffüs yollarına düşməsinin qarşısını alarsınız
  • Tutmadan sonra onunla rahat danışın, yatmaq istəsə yanından ayrılmayın
  • Əgər, qıcolma tutması 5-6 dəqiqədən uzun çəkərsə, şüuru bərpa olunmazsa, təkrar qıcolma baş verərsə, tutma suda olmuşdursa, xəstə yaralıdırsa, hamilədirsə və şəkər xəstəsidirsə təcili tibbi yardım çağırın.

Neyrocərrah, T.ü.f.d. Dr. Əli Ələkbərov


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):