Populyar məqalələr

Uşaqlarda immunitetin möhkəmləndirilməsi

İmmunitet nədir?

Orqanizmin yad amillərə, infeksiya törədicilərinə qarşı dözümlülüyü, müdafiəsidir. Bu dözümlülük uşaq və yaşlılarda zəif olur. Bunu belə izah etmək olar: uşaqlarda immun sistemin formalaşmağa başlaması təxminən 2 ayda başlasa da 8-14 yaşlarda başa çatır. Yəni uşaqlarda immun sisteminin zəifliyi onun formalaşmaqda olması, tam yetkin olmaması ilə izah olunur. Yaşlı insanlarda isə digər toxumalar kimi immun sistemi də qocalır.

Uşaqlarda immun sistemi zəiflədən amillər aşağıdakılardır:

  • Ana südünün verilməməsi və ya  qısa müddətdə verilməsi: Məlumdur ki, ana südündə yüksək miqdarda immun cisimciklər, IgA, IgM və s. mövcuddur. Ana südü ilə qidalanma bütün bu qoruyucuların süd vasitəsilə körpəyə keçib onu qorumağa səbəb olur. Həm də optimal temperaturda olduğundan zülal maddələr parçalanmadan orqanizmə daxil olur, asan sorulur, asan həzm olunur.
  • Əlavə qidalanmaya tez və ya çox gec başlama: Uşaq orqanizminə daxil olan qidaların  - yağ, zülal və karbohidratların düzgün nisbətdə olması uşağın bədəninin düzgün qurulmasına səbəb olur.
  • Ananın qidalanması, xəstəlikləri və zərərli vərdişləri: Siqaret çəkmə və alkoqol qəbulu uşağın həm sinir sisteminin formalaşmasına, həm də tənəffüs sisteminin xüsusilə allergik xəstəliklərinə səbəb olur.
  • Uşağın dərisinə qulluğun yetərli olmaması: İlk günlərdə uşağın dərisində bişməcələr tez-tez rast gəlir ki, buna da səbəb uşağın bezinin gec dəyişdirilməsi, yumaq deyil, silinməsi, çox isti bükülməsidir.
  • Nisbətən böyük uşaqlarda düzgün qidalanmama və ağız baxımının düzgün olmaması həddindən çox qəbul olunan şirniyyat diş çürüməsinə, çürük dişlər isə infeksiya mənbəyi olduğundan boğaz, mədə-bağırsaq, ürək-damar və sidik yolu infeksiyalarına yol açaraq immun sistemi zəiflədər.
  • Qidaların rejimsiz qəbulu, məktəb yaşlı uşaqların həddindən çox yüklənməsi, yorulması yuxu rejiminin düzgün olmaması da immuniteti zəiflədir.
  • Ailənin böyük olması, erkən yaşda kollektivə-bağçaya getmə, ailədaxili münaqişələr, uzunmüddətli stresslər də immunitetin zəifləməsinə səbəb olur.
  • Xəstəliklər zamanı lazımsız və ya yetərsiz dərman qəbulu: İnsan xəstələndiyi zaman müdafiə reaksiyası olaraq bədən temperaturu yüksəlir. 1 yaşa qədər uşaqlarda 38,  1 yaşdan yuxarı uşaqlarda 38,5 dərəcə temperatur müşahidə olunan zaman temperaturu salmağa çalışmaq lazımdır. Çünki bir çox törədicilər yüksək temperaturda məhv olur.
  • Irinli infeksiyalar zamanı antibiotik dozasının normadan az, təyin olunmuş müddətdən qısa verilməsi də infeksiyanın tam sağalmamasına, mikrob daşıyıcılığına və təkrari infeksiyalara səbəb olaraq immuniteti zəiflədir.

Uşağın immunitetinin zəifləməsi əlamətləri:

  • 1 ildə 5 dəfədən çox yuxarı tənəffüs sistemi xəstəlikləri ilə xəstələnmə;
  • 1 ildə 3 dəfədən çox antibiotik zərurəti;
  • xəstəliklərin düzgün müalicə fonunda uzun sürməsi və ya ağırlaşmalı keçməsi;

 Uşağın immunitetinin möhkəmləndirilməsi yolları:

  • ana bətnində olan müddətdə ananın düzgün qidalanması, xəstəliklərdən və radiasiyadan qorunması;
  • ana südü ilə normal qidalanma müddəti (minimum 1il, optimal 2il);
  • uşağın düzgün baxımı: qidalanma, gigiyena, yuxu və hava rejimi;
  • xəstəliklər zamanı düzgün müdaxilə;

VAXTINDA VƏ DÜZGÜN VAKSINASIYA! (peyvənd vurulması)

Hazırda ölkəmizdə dövlət proqramı ilə 10 xəstəliyə (vərəm, poliomielit, hepatit B, difteriya, tetanus, göy öskürək, qızılca, məxmərək, epidemik parotit, hemafilius influenza) qarşı peyvənd aparılmaqdadır ki, bu da uşaq yaşlarında rast gələ biləcək və ölüm faizi yüksək olan xəstəlikləri profilaktika etmək ücündür. Bizim Mərkəzi Klinikada isə bunlardan başqa su çiçəyi, pnevmoniya, hepatit A kimi xəstəliklərin peyvəndi də mövcuddur.

Uşaqları qoruyaq, çünki onlar bizim gələcəyimizdir!

Pediatr Allerqoloq Dr. Sevinc Abdullayeva


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):