Xroniki Yorğunluq Sindromu nədir?
Əgər xəstə 6 aydan artıq müddət ərzində daimi yorğunluqdan şikayətlənirsə və bu yorğunluğun səbəbini heç bir orqan və ya sistem patologiyası ilə izah etmək mümkün deyilsə, bu hal “Xroniki yorğunluq Sindromu” adlanır. Xəstəliyin digər adı - Gərginliyə qarşı Dözülməzlik Sindromu-dur. (Systemic Exertion Intolerance Disease-SEID)
Xəstəliyin klinik gedişində həm əzələ, həm də sinir sistemi komponentləri yer alır.
Xronik yorğunluq sindromunun etiologiyası tam aşkarlanmayıb. Bəzi alimlər bunu virus infeksiyası (EBV, HHVİ 6, Koksaki virus B, Human T-cell Leukemia) ilə əlaqələndirsələr də müasir elmi tədqiqatlar xəstəliyin virus mənşəli olduğunu inkar edir. Müasir dövrdə XYS real diaqnoz kimi qəbul edilir ən çox orta yaşlı qadınlarda rast gəlinir.
Xəstəliyin səbəbləri
Qeyd etdiyimiz kimi xəstəliyin səbəbləri tam məlum deyil, lakin psixoloji stress, hipotoniya (aşağı qan təzyiqi), zəifləmiş immun sistemi, hormonal disbalans və xəstəliyə genetik meyllilik həlledici rol oynaya bilər. Bəzi hallarda xəstəlik, keçirilmiş virus infeksiyasından sonra başlayır, bu da immun sisteminin zəifləməsi ilə əlaqədardır. Stress və allergiya halları xəstəlik riskini artıra bilər. XYS olan şəxslərdə Ig G miqdarı və Natural Killer (N.K) hüceyrələrin artması müşahidə edilir. Lakin nəzərə alsaq ki, bu göstəricilər sağlam populyasiyada da arta bilər, immunoloji testlər diaqnostik aktuallıq daşımır.
Simptomlar
Xəstəliyin simptomları özünü müxtəlif variantlarda büruzə verir. Xəstələr əsasən daimi yorğunluqdan şikayətlənir. Bəzi hallarda bu şikayətlər tənəffüs yolları infeksiyası, diarreya, qastroenteroloji pozğunluqlar və s sonra yarana bilər. Bir çox hallarda bu xəstələrdə depressiya əlamətləri olur, bu da onların normal iş fəaliyyəti və gündəlik fiziki aktivliyin azalmasi ilə əlaqədardır. Aşağıda sadaladığımız şikayətlər 6 aydan artıq sürdükdə diaqnozu dəqiqləşdirmək olar:
- Yaddaşın və diqqətin zəifləməsi
- Yuxu pozğunluqları
- Əzələ ağrıları
- Tez-tez olan baş ağrıları
- Oynaq ağrıları ( şişkinlik və qızartı olmadan)
- Gecə yuxusundan sonrakı səhər yorğunluq və əzginlik hissi
- Hər hansı fiziki işdən sonra 24 saatdan çox sürən yorğunluq
- Bəzən boğazda ağrı və limfa düyünlərinin hissiyyatlılığı
Diaqnostikası
Diaqnozu dəqiqləşdirmək üçün yuxarıda sadaladığımız simptomlardan ən azı 4-ünün 6 ay və daha çox müddətdə olması labüddür. Lakin nəzərə alsaq ki, sadalanan simptomlar başqa xəstəliklərdə də ola bilər, diaqnozu dəqiqləşdirməzdən əvvəl bir çox infeksion xəstəlikləri, qalxanabənzər vəzin pozğunluqları, fibromialqiya, depressiv pozğunluqlar inkar edilməlidir.
Müalicəsi
Xəstəliyin müalicəsi üçün spesifik müalicə taktikası işlənib hazırlanmamışdır. Müalicənin əsas prinsipi narahatlıq törədən simptomları aradan qaldırmaqdır. İlk növbədə, siqaret və alkoqol qəbulunu azaltmaq, yuxu siklini bərpa etmək lazımdır. Xəstə hər gün eyni vaxtda yatıb, səhər eyni vaxtda oyanmağı vərdiş etməlidir. Emosional vəziyyətlərdən və gərgin fiziki işlərdən yayınmaq məsləhətdir. XYS olan şəxslərə ardıcıl olaraq (pillə-pillə) fiziki yükləməni artırmaq məsləhət görülür. Bəzi hallarda ağrıkəsicilərdən, vitaminlərdən və antidepressantlardan istifadə oluna bilər. Bir qayda olaraq belə xəstələr qrup halında psixoterapiya seanslarına qatıldıqda müsbət effekt əldə etmək olar.