Yenidoğulmuş körpələrin ilk altı ay ərzində yalnız ana südü ilə bəslənməsi daha məqsədə uyğundur. Ana südü körpə üçün ən sağlam qidadır.
Ana südünün körpəyə və anaya faydalarına gəlincə, ana südü ilə bəslənən körpələrdə infeksion xəstəliklərin rast gəlmə tezliyi daha az görülməkdədir. Həmçinin ana südü alan uşaqlarda beynin inkişafı daha yaxşı gedir, allergik xəstəliklər, ishal və tənəffüs yolu xəstəlikləri və hətta irəli yaşlarda ateroskleroz, xərçəng və dağınıq skleroz kimi xəstəliklər daha az müşahidə olunur. Əmizdirən analarda isə süd vəzisi xərçəngi, yumurtalıq xərçəngi, osteoporoz və anemiya kimi xəstəliklər daha az rast gəlinir.
Ana südü hər körpənin hər dövrü üçün olduqca əhəmiyyətlidir. Ana südünün tərkibi ilk ifraz olunan günlərdən başlayaraq sonrakı günlərə qədər dəyişir, belə ki, doğuşdan sonrakı ilk günlərdə fərqli tərkibdə ana südü ifraz olunur ki, buna ağuz südü deyilir. Ağuz südü körpəni infeksion amillərdən qoruyan maddələrlə daha zəngindir. Ağuz südü adətən ilk bir həftə ərzində sintez olunur. İkinci həftədən ana südünün zülal tərkibi azalır, laktoza, yağ tərkibi və ümumi kalorisi artır ki buna "keçid südü" deyilir. Daha sonrakı dövrdə sintez olunan ana südünün tərkibinə gəlincə, əmizdirmənin başlanğıcında karbohidratlardan, sonunda isə yağlardan zəngin olan ana südü ifraz olunur.
Ana südünün xüsusiyyətlərinə gəlincə, ana südü asan həzm olunan və infeksiyalardan qoruyucu xüsusiyyətlər ilə seçilən zülallarla zəngindir. Ana südündə olan zülal və mineralların miqdarının inək südü ilə müqayisədə daha az olması, həzm və ifrazat sistemində ola biləcək yüklənmənin qarşısını alır. Ana südündə olan dəmir, sink kimi mineralların miqdarı, inək südü ilə müqayisədə daha çoxdur, məsələn dəmir üçün bu rəqəm beş dəfə çoxdur. Ana südündə həzmi asan olan doymamış yağ turşularının səviyyəsi yüksəkdir. Beyin və sinir sistemi üçün vacib olan esensiyal yağ turşularının səviyyəsi ana südündə inək südü ilə müqayisədə 8 dəfə çoxdur. Belə ki ilk 4 ay ərzində bu yağ turşuları körpə orqanizmi tərəfindən sintez olunmur.
İlk saatlardan etibarən körpənin istəyinə uyğun olaraq, münasib şərtlərdə və doğru texnika ilə əmizdirilmə, körpənin ana südü ilə qidalanmasının vacib şərtləridir. Əmizdirmə zamanı ifraz olunan oksitosin və prolaktin kimi hormonlar süd vəzisində südün boşalmasını təmin edir və yeni südün sintezini stimullaşdırır.
Müvəffəqiyyətli bir əmizdirmə üçün hər şeydən əvvəl körpəni qucaqda düzgün saxlamaq tələb olunur. Ana normal şəraitdə rahat bir kresloda, kürəyi dik olaraq oturmalıdır. Körpə üzü və bədəni anaya tərəf eyni istiqamətdə, başı bədənə görə yüksəkdə, yəni əyri bir xətt əmələ gətirəcək şəkildə qucaqlanmalıdır. Körpənin başı, ananın qol-dirsək büküşünə yerləşdirilməlidir. Körpənin altda qalan qolu ana ilə körpə arasında qalmamalıdır. Ana, lazım olarsa, qolunun altına bir yastıq ilə dəstəklənə bilər.
Körpə uyğun şəkildə qucağa alındıqdan sonra alt dodağı məmə ucunun altına gələcək şəkildə aşağıdan yuxarıya doğru süd vəzisinə yaxınlaşdırılmalı, digər əlin dörd barmağı döşü aşağıdan, baş barmaq isə yuxarıdan olmaqla istiqamətləndirməlidir. Ana döş ucunu körpənin dodaqlarına toxunduraraq onun əmmə üçün ağzını açmasını gözləməli, körpə ağzını geniş açdığında döş giləsi və ətrafındakı qəhvəyi sahə ilə (areola) birlikdə körpənin ağzına verilməlidir. Körpənin çənəsi süd vəzisinə bitişməli, üstdəki baş barmaq burnun tıxanmasını önləməlidir.
Südün sintezini artıran ən əhəmiyyətli faktor körpənin tez-tez döşə qoyulması və süd vəzlərinin boşaldılmasıdır. Yorğunluq və stress, ruhi pozğunluqlar və ən əhəmiyyətlisi əmizdirməyə olan istəksizlik, ana südünün miqdarını azalda bilər. Süd vəzisinin böyüklüyü südün sintezində əhəmiyyət daşımır. Ananın kifayət qədər maye alması və balanslı qidalanması çox önəmlidir. Həddindən artıq kalorili, şəkərli qida və içkilərin qəbulunun südün sintezinə təsiri yoxdur. Maye qəbulunun həddindən artıq olması da təhlükəli ola bilər. Qida rasionunda tərəvəz və meyvələr, yaşıl salatlar bol istifadə olunmalıdır. Ana, süd və süd məhsullarını, zülal və dəmirlə zəngin qidaları balanslı bir şəkildə qəbul etməli, hamiləlikdə olduğu kimi, kalsium və dəmir qəbulu davam etməlidir.
Körpə doğulandan sonra ən qısa zamanda döşə verilməli və ardınca əmizdirmə sıxlığı və müddəti körpənin istəyinə görə nizamlanmalıdır. İlk əmizdirmədən sonra süd dərhal ifraz olmağa başlayır. Xüsusilə ilk 2 ayda hər istədiyində körpə döşə verilməlidir. Başlanğıcda hər əmizdirmədə hər iki süd vəzinin boşaldılması südün artması baxımından faydalı olsada, südün miqdarı artdıqda hər qidalanmada bir döşlə əmizdirilmə kifayət edə bilər. Hər əmizdirmə zamanı körpənin bir döşü tamamilə boşaltması təmin edilməlidir. Əmizdirmə müddəti adətən 10-15 dəqiqə qədərdir. İlk dövrlərdə əmizdirmə arası fasilə 2-3 saat götürülə bilər.
Ana südünün uşağa yetərli olması, körpənin gündə ən az beş dəfə sidik verməsi, həyatın ən gec 15-ci günündə doğum kilosuna çatması və ayda ən az 500-600 qram artması ilə ölçülür. Körpələrdə ilk günlərdə görülən təbii çəki itkisinin səbəbi bədəndə maye miqdarının azalmasıdır, bunun ana südünün yetərsizliyi ilə əlaqəsi yoxdur. Nəcis ifrazının sayı, körpənin narahatlığı, yuxusuzluğu və ya həddindən artıq ağlaması ana südünün miqdarını ifadə edən meyarlar deyildir. Uşaq bezinin həmişə quru olması və davamlı olaraq qoyun nəcisi kimi kiçik və bərk parçalar halında az miqdarda olması aclıq əlaməti ola bilər. Bunlardan başqa ən əhəmiyyətli meyar, körpənin kifayət qədər lazımi çəki almamasıdır.
Əmizdirmə zamanı tez-tez edilən səhvlərə əmizdirmədən əvvəl döş giləsinin karbonatlı, sabunlu su ilə yuyulması və ya müxtəlif kremlər ilə təmizlənməsidir. Bu hallar döş giləsinin çatlarına və körpənin döşü tutmasında müxtəlif çətinliklərə səbəb ola bilər. Süd vəzinə ən yaxşı qulluq ana südü ilə həyata keçirilməlidir. Süd vəzlərinə qoyulan fərdi silikon başlıqlar körpənin döşü düzgün tutmasına mane ola bilər.
Ətrafda olan həddindən artıq sıxlıq və səs-küy, ailə daxilində gərginliklər, həddindən artıq isti, dar geyimlər və yorğan körpənin əmməsinə mənfi təsir edə bilər. Körpəyə əlcək geydirilməsi əmməyə mane olmasına və onun narahatlığına səbəb ola bilər. Körpənin doymadığı halda ona əmzik və ya, əlavə qida verilməsi, əmziyin şəkərli mayelərə və bala batırılması, körpəyə şəkərli bitki çaylarının verilməsi ana südü ilə qidalanmaya istəksizlik yarada bilər.