Populyar məqalələr

Vitamin D Çatmazlığı yaşlı əhali arasında sakit epidemiyaya çevrilir

Müasir dövrdə Vitamin D çatmazlığı, xüsusilə də bu çatmazlığın törətdiyi fəsadlar bu günün aktual problemlərindəndir. Konkret halı nəzərdən keçirək:

Bir neçə müddət əvvəl klinikamıza 62 yaşlı qadın xəstə çox sayılı əzələ, oynaq və sümük ağrıları, ümumi zəiflik, tez yorulma, bel nahiyəsindəki ağrılarla müraciət etmişdir. Anamnez topladıqda həmin xəstədə müxtəlif  vaxtlarda minimal travma nəticəsində qabırğa və  körpücük sümüklərində sınıqların olması aşkarlandı. Xəstə Hipertoniya, Şəkərli Diabet, Qalxanabənzər Vəzin Çatmazlığı və Xroniki Depressiya diaqnozu ilə requlyar dərman müalicəsi alırdı. Aparılan laborator müayinələr (qanda kalsium, fosfor, qələvi fosfotaza, paratiroid hormon, vitamin D səviyyəsi) və sümük densitometriyası (sümük sıxlığı) nəticəsində əvvəlcədən ehtimal olunan Osteomalasiya diaqnozu təsdiq olundu.  Xəstəyə müvafiq müalicə başlandı və 3 aydan sonra xəstə ağrıların azaldığını, özünü daha gümrah hiss etdiyini bildirdi. Sonrakı davamlı müşahidələr sınıqların bir daha təkrar olunmadığını göstərdi.

Vitamin D yağda həll olan vitaminlərdəndir. Sümük metabolizmində vacib komponent olmaqla yanaşı, anti-inflamator (iltihab əleyhinə) və immunomodulyator ( immun gücləndirici) təsirə də malikdir. İki forması var:

  1. Erqokalsiferol (Vitamin D2) - bitki və balıq mənşəli qida məhsullarında olur
  2. Xolekalsiferol (Vitamin D3) - dəridə ultrabənövşəyi günəş şüalarının təsirindən sintez olunur

Vitamin D orqanizmdə kalsium mikroelementinin nazik bağırsaqdan sorulmasını təmin ədir. Eyni zamanda paratiroid hormonla birlikdə qanda və sümükdə kalsium hemostazını (stabilliyini) tənzimləyir. Dəridə yaranan vitamin D3 ilkin olaraq qeyri aktiv formada olur, yalnız qaraciyər və böyrəklərdə hidroksilizasiyaya uğradıqdan sonra aktiv formaya keçir. Vitamin D-nin dəridə sintezi ultrabənövşəyi günəş şüalarının  gücündən, günün vaxtından, havanın buludlu və ya açıq olmasından, dərinin rəngindən və s. kimi faktorlardan  asılıdır .

İnsan orqanizmində olan vitamin D defisiti paratiroid hormonun artmasına səbəb olur ki, bu da öz növbəsində sümük metabolizmində olan dəyişikliklərə (sümük zəifləməsinə və minimal travma nəticəsində çox saylı siniqlara - bud, onurğa və ətraf sümüklərində) gətirib çıxarır. 

Bunu rentgen müayinələrdə aydın görmək olar (Vitamin D çatmazlığı aşağı və yuxarı ətraflarda – bilək və çanaq nahiyələrində  sümük sıxlığının azalmasına, bu da öz növbəsində  Osteomalasiya və Osteoparoz kimi patologiyalara səbəb olur)

Eyni zamanda vitamin D çatmazlığı  əzələ zəifliyi ilə nəticələnir və yaşlı əhalidə yıxılma tezliyinin artmasına səbər olur.

Ümümiyyətlə D Vitamini defisiti yalnız sümük-əzələ  sisteminə dəyil, həmçinin  yaşlı əhalidə iltihabi xəstəliklərin, Şəkərli Diabetin, Ürək-damar xəstəliklərinin, Depressiya hallarının daha ağır keçməsinə səbəb olur.

Bütün bunları  nəzərə alaraq yaşlı əhalinin, eyni zamanda qapalı  geyinən cavan qadınların (bu şəxslərdə də günəş şüalarının dəri ilə təmasi azalır ) mütamadi olaraq vitamin D defisitini aşkarlamaq üçün müvafiq müayinələrdən kəçməsi tövsiyyə olunur.

Terapevt Dr. Sevinc Ələsgərova


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):