Xəbərlər

Uşaqlar əşya udanda nə etməliyik?

Yad cismin udulması prossesi əsasən uşaqlarda baş verir. Ümumiyyətlə valideyn hər yaşda uşağını nəzarət etməlidir. Uşaq əşyanı udarsa, ilk yardım kimi ətrafdakılar ona necə kömək etməlidirlər?

Əşya uşağın qida borusunda qalarsa, nələr etmək lazımdır?

Həkimə müraciət edilməzsə, udulan əşya uzun müddət uşağın daxilində qalarsa, hansı fəsadlar törədə bilər?

Bu suallara cavab tapmaq üçünuşaq cərrahı və uroloqu Fuad Hüseynova müraciət etdik.

O bildirdi ki, önəmli olan yad cismin ölçüsü və konsistensiyasıdır:

"Yəni əşya plasmasdır, dəmirdir, yoxsa nədir? Hər bir ailənin məlumatı olmalıdır ki, 2-3 yaşlı uşaqların əlinin altındakı şeylərə - fındıq, qoz, saqqız və.s məhsullara diqqətli yanaşmaq lazımıdır. Çünki uşaq bu məhsullardan ağzına alsa, qida borusunda, ya da daha pis, nəfəs borusunda ilişib qalar. Bu da uşağın ölümü ilə nəticələnə bilər. Belə hallarda ilkin yardım necə edilməlidir? Bəzən valideynlər özlərini itrib, ya ilk tibbi yardımı bilmədən barmağını uşağın boğazına salır. Bu səhvdir. Çünki barmaqla cismi nəfəs borusuna da itələyə bilərlər. Ona görə də valideyn bilməlidir ki, uşağı ağzı aşağı, ayaqlarını qarnına yığaraq uzatmaq və kürəyindən vurmaq lazımdır. Belə olduqda yad cisim uşağın boğazından tez düşəcək. Yox əgər çıxmazsa, təcili xəstəxanaya çatdırmaq lazımdır. Bir də görürsən ki, valideyn belə deyir: uşaq filan şeyi ağızına qoydu, bir az öskürdü və uddu. Heç bir problem yoxdur. Bu belə deyil, tənəffüsün normal olmasına baxmayaraq, cisim ağciyərə düşə bilər.

Yad cisim nəfəs borusunda deyil, yemək borusundadırsa, ölçüsü əsasdır. Çünki mədəyə, bağırsağa keçərsə əsas problem ölçü ilə bağlı yaranacaq. Yemək borusunda 3 fizioloji darlıq var və cisimlər həmin bu darlıqlarda ilişib qalır. Bu zaman uşaq tüpürcəyini uda bilmir, ürək bulanması, qusma halları olur. Adətən uşaqlar saat batareyası, ət parçası, qəpik, plasmat oyuncaqlar udurlar. Bunları uşağı zədələmədən çıxartmaq olur. Ümumiyyətlə uşaq yad cisim udduqda valideyn uşağın nəcisini kontrol etməlidir. 3 gün ərzində yad cism ifrazatla çıxmazsa, həkimə müraciət etmək vacibdir. Ola bilər ki, əşya bağırsaqlarda ilişib qalmış olsun. Bu zaman kamera ilə axtarılıb tapılır. Bəzən cisim kamera girə bilmədiyi yerlərdə qala bilir. Belə olduqda açıq cərrahiyyə məcburi və həyati əhəmiyyət daşıyır".

F.Hüseynov bildirdi ki, belə hallarda biganəlik ölümlə nəticələnə bilər:

"Bir dəfə 2 yaşlı uşağın nəfəs borusunda zeytun tumu qalmışdı. Zeytunu yeyib, tumunu nəfəs borusuna qaçırmışdı. Uşaq gətiriləndə boğulmuş vəziyyətdə idi. Təcili əməliyatxanaya alındı və kamera ilə çaxara bildik. Belə halda valideyn uşağı tez həkimə çatdıra bilməzsə, körpəni itirmək təhlükəsi çoxdur".

Körpələrin ən çox udduğu əşyalar sırasında saat daşı da var. Maraqlıdır, daşın təz olub-olmaması fərq edirmi?

Həkim bildirdi ki, bu amil əhəmiyyətli dərəcədə fərq edir:

"Böyük və təzə daş udarsa, selikli qişa ilə kontakta girərək enerjisini ətraf toxumalara ötürür və mədədə yanığa səbəb olur. Yanmış mədə daralır, bu da gələcəkdə ciddi problemlərlə rastlaşmaq deməkdir".

Bəs valideyn bu hala qarşı laqeyd yanaşarsa, udulan cism aylar keçsə belə, uşağın ifrazında çıxmazsa, hansı təhlükələr yaranar?

F.Hüseynov söylədi ki, belə halda qətiyyən fəsadsız ötüşüb-keçmə olmayacaq:

"Çünki cisim daxildədir. Uzun müddət ifrazatla çıxa bilməyibsə, bu mütləq ən sonda bağırsaq keçməməzliyi ilə nəticələnə bilər. Buna görə də həkimə müraciət mütləqdir".


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):