• Ümumi məlumat
  • Həkimlər

Reflüks xəstəliyinin tək müalicə üsulu cərrahi müdaxilə deyil

Qastroezofageal reflüks əhali arasında çox sıx rast gəlinən xəstəliklər sırasındadır. Normalda udulan yemək qida borusundan keçərək mədəyə daxil olur. Qida borusu ilə mədə arasında xüsusi bir qapaq mexanizmi mövcuddur. Bu mexanizmin əsas funksiyası qəbul edilən qidanın qida borusundan mədəyə keçidinə imkan verərək mədənin turş möhtəviyyatının davamlı olaraq buraya geri qayıdıb qida borusunun zədələməsinin qarşısı almaqdır. Bəzi hallarda, o cümlədən diafraqmanın qida borusu dəliyinin genişlənmələri zamanı bu qapaq mexanizminin funksiyası pozulur və turş mədə möhtəviyyatı davamlı olaraq qida borusuna qayıdaraq burada selikli qişanın zədələnməsinə səbəb olur. Adətən belə problemlə müraciət edən xəstələr döş sümüyü arxasında yanğı, gəyirmə, qıcqırma, qida qəbulundan sonra uzanarkən qidanın təkrar ağıza geri qayıtması kimi şikayətləri olur. Bu şikayətlərlə müraciət edən xəstələrin əksəriyyətinin üzərində aparılan müayinələr zamanı qida borusunun selikli qişasının zədələnməsi müşahidə olunur. Gələcəkdə bu xəstəlik müxtəlif daha böyük problemlərə də səbəb ola bilər. Bu halların baş verməməsi üçün mövcud şikayətlər düzgün dəyərləndirilməli, ehtiyac olunan müayinələr aparılmalı və düzgün müalicə üsulu seçilməlidir.

Xəstəliyin əsas əlamətləri hansılardır?

Bir çox hallarda xəstələr kardioloji şikayətlərlə xəstəxanaya müraciət edirlər. Xəstəliyə xas olan əlamətlər döş sümüyünün arxasında yanğı hissi, mütəmadi olaraq gəyirmələrin, xüsusilə qida qəbulundan sonra uzandıqda və ya əyilərkən qidanın ağıza qayıtması, boğazda qıcıqlanma, uzunmüddətli öskürəkdir. Xəstəliyin dəqiqləşdirilməsi üçün endoskopik və rentgen kontrast müayinələrinin aparılması məsləhət görülür. Lakin bəzi hallarda əlavə spesifik müayinələrə də ehtiyac olur. Mütəxəssisə müraciət edib, müəyyən müayinələrdən keçməklə xəstəliyə uyğun müalicə üsulu seçilməlidir. Onu da qeyd etmək istərdim ki, reflüks xəstəliyinin tək müalicə üsulu cərrahi müdaxilə deyil. Müayinə zamanı qida borusunda ciddi zədələnmələr müşahidə edilmir və çox irəliləmiş diafraqmal yırtıq görülmürsə xəstəlik ilkin olaraq konservativ yolla da müalicə oluna bilər. Lakin dərman müalicəsinin aparılmasına baxmayaraq xəstəliyin davam etməsi və ya dərmanlar kəsildikdən sonra xəstəliyin təkrar aktivləşməsi müşahidə edildikdə artıq cərrahi üsul məsləhət görülür.

Əməliyyat və xəstənin əməliyyatdan sonrakı reabilitasiyası barədə nə deyə bilərsiniz?

Belə əməliyyatlar təxminən bir saat ərzində laparoskopik üsulla, yəni qarında kəsik olmadan, qapalı şəkildə aparılır. Doğru seçilmiş xəstələrdə texniki olaraq düzgün icra olunduqda cərrahi müdaxilə müsbət nəticələr verir. Normalda əməliyyatın növbəti günü xəstələr artıq ağızdan qida qəbul etməyə başlayır, iki gün sonra isə artıq müalicələrini ev şəraitində davam etdirə bilirlər. Əməliyyat kifayət qədər effektiv olduğu kimi nəticələri də qənaətbəxş olur.

Xəstəliyin yaranma səbəbləri nələrdir?

Bu səbəblər müxtəlifdir. Yaranma səbəblərinin tam müəyyən edilməsi mümkün olmasa da, əsasən birləşdirici toxuma zəifliyinə bağlı bir problem ola bilər. Lakin sonradan qazanılmış faktorlar, yəni uzun müddət qədərindən artıq qida qəbuluna alışqanlıq, qazlı içkilərin sıx və mütəmadi olaraq qəbulu xəstəliyin yaranmasına, eləcə də inkişafına səbəb ola bilər. Onu da qeyd edim ki, xəstəliyin yaranmasında genetik faktorların da rolu var. Bu xəstəliyə əsasən orta yaş qrupu, təxminən 30-50 yaş arası insanlarda daha sıx rast gəlinir. Lakin digər yaş qruplarında da görülməsi istisna deyil. Anadangəlmə problemlərin bir çoxu özünü uşaq yaşlarda büruzə verir. Bəzən artıq kiçik yaşlarda da bu problemlə əlaqəli əməliyyat olunmuş insanlara da rast gəlmək olar. Lakin əksər hallarda xəstəlik qazanılmış olur.

Əməliyyatın nəticələri və uzaq nəticələri hansılardır?

Mərkəzi Klinikada etdiyimiz əməliyyatlarla yanaşı dünya praktikasında aparılan cərrahi müdaxilələrin də nəticələrinə nəzər salsaq, bu əməliyyatların kifayət qədər effektiv müalicə üsulu olmasını görərik. Təbii ki, hər bir əməliyyatda olduğu kimi, burada da fəsadların yaranma riski var. Bəzən əməliyyata xas udma çətinliyi kimi şikayətlər meydana çıxa və ya təkrar əməliyyata ehtiyac duyula bilər. Lakin ümumilikdə, əməliyyat yetərincə effektivdir və texniki cəhətdən düzgün icra olunduqda problemin yaranma ehtimalı olduqca azdır.

Qastroezofageal reflüks xəstəliyin xərçəngə çevrilmə ehtimalı varmı?

Bu ehtimal öncə qida borusunun selikli qişasında gedən dəyişikliklərə bağlıdır. Mədənin turş möhtəviyyatının davamlı olaraq qida borusunun selikli qişasını zədələməsi uzun müddət davam etdikdə qida borusunda bəzi dəyişikliklər müşahidə olunur. Bu da gələcəkdə xərçəngə səbəb ola biləcək bir haldır. Hər bir xəstəlikdə olduğu kimi, reflüksda da erkən aşkarlanma və müvafiq üsulla dəyişikliyin daha çox artmadan qarşısının alınması xəstəliyin aradan qaldırılmasında əsas rol oynayır. Bu cür xəstələr müşahidə altında saxlanılmalıdırlar. Dəyişikliyin artdığı təqdirdə artıq xəstəliyin dərəcəsinə uyğun müalicə üsulu seçilməlidir.

Onu da qeyd edim ki, Mərkəzi Klinikada bu cür xəstəliklərin müəyyən edilməsi və müalicə üsullarının dəyərləndirilməsi üçün hər bir şərait var.

Ad, soyad İxtisas Bölmə
Prof. Dr. Erşan Aygün Ümumi cərrah Ümumi cərrahiyyə
T.e.n. Dr. Xudayar Mustafayev Ümumi cərrah, proktoloq Ümumi cərrahiyyə
Dr. Zaur Xəlilov Ümumi cərrah Ümumi cərrahiyyə