-
Xəbərlər2026-07-21

Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub

Ətraflı oxu
Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub

Azərbaycan Respublikasının səhiyyə naziri cənab Teymur Musayev tərəfindən Mərkəzi Klinikanın bir qrup əməkdaşı ölkəmizdə və bütövlükdə Cənubi Qafqaz regionunda ilk dəfə meyit donorundan ürək transplantasiyası əməliyyatlarını uğurla icra etdiklərinə, eləcə də Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Fəxri fərmanla təltif olunub.
Bu münasibətlə Mərkəzi Klinikada təltif olunan əməkdaşlarla görüş keçirilib. Tədbirdə baş həkim, professor Kamran Musayevin rəhbərlik etdiyi ixtisaslaşmış tibbi komandanın üzvləri – ürək-damar cərrahları Nigar Kazımzadə və Kamran Əhmədov, kardioreanimatoloq Kamran Nağızadə, kardioloq Oktay Musayev, anestezioloq Asəf Məmmədov və digər əməkdaşlar iştirak ediblər.
Mərkəzi Klinikanın Baş direktoru Həsən Qəndilov Fəxri fərmanları əməkdaşlara təqdim edərək onları təbrik edib. O bildirib ki, bu yüksək dövlət təltifi yalnız mükafatlandırılan mütəxəssislərin peşəkarlığına verilən qiymət deyil, eyni zamanda Mərkəzi Klinikanın bütün kollektivinin fədakar əməyinə, yüksək peşə hazırlığına və ölkə səhiyyəsinin inkişafına verdiyi töhfəyə göstərilən etimadın ifadəsidir.
Baş direktor əldə olunan uğurların qazanılmasında göstərdiyi əvəzsiz dəstəyə görə Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətinin rəisi, akademik Cəmil Əliyevə, həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, şəxsən səhiyyə naziri cənab Teymur Musayevə və Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə xüsusi minnətdarlığını ifadə edib.
Tədbirdə çıxış edən Mərkəzi Klinikanın baş həkimi, professor Kamran Musayev təltif olunan əməkdaşlar adından təşəkkürünü bildirib. O, vurğulayıb ki, ürək transplantasiyası dünya təbabətində ən mürəkkəb və yüksək riskli cərrahi müdaxilələrdən biri hesab olunur. Belə əməliyyatların uğurla həyata keçirilməsi yüksək texnoloji təchizatın, peşəkar mütəxəssis hazırlığının, multidissiplinar komanda işinin və səmərəli təşkilati koordinasiyanın mövcudluğunu tələb edir. Professor K. Musayevin sözlərinə görə, əldə olunan nailiyyətlər Mərkəzi Klinikanın və bütövlükdə Azərbaycan səhiyyəsinin beynəlxalq tibbi standartlara uyğun inkişaf etdiyini və bu sahədə yüksək nəticələr əldə etdiyini bir daha təsdiqləyir.
Tədbir səmimi müzakirələr və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

Photo gallery

Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub