Mərkəzi Klinika kollektivi də Böyük Qələbə üçün səfərbər olmuşdur.
Bu günlər bütün Azərbaycan xalqı torpaqlarımızı erməni işğalından azad etmək üçün başladığımız müqəddəs Vətən müharibəsində qalibiyyətin sevincini və qürurunu yaşayır. 44 gün çəkən bu şanlı mübarizədə igid oğullarımızın işğal altında olan torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizə, göstərdiyi əzm, düşmənə endirdiyi ağır zərbələr hər birimizin qəlbini böyük fərəh hissi ilə doldurdu. Doğrudur, xalqımız və onun lideri heç zaman müharibə tərəfdarı olmayıb və bu niyyətini uzun illər ərzində beynəlxalq ictimaiyyətə də göstərib. Lakin xain düşmənin ardıcıl, davamlı hərbi təcavüzləri bu əks-hücum əməliyyatlarının başladılması ilə nəticələndi. Həmin günlər, bütün Azərbaycan xalqı bir əsgər kimi Vətənin müdafiəsində dayanmaq, döyüşmək, Böyük bir azadlıq tarixi, Böyük Qələbə epoxası yazmaq istəyirdi... və bunu bacardıq, QƏLƏBƏ QAZANDIQ!
Xalqımız və dövlətimiz üçün müqəddəs olan bu tarixi günlərdə hər birimizin, o cümlədən də Mərkəzi Klinika kollektivinin bütün fikirləri, səyləri və fəaliyyətləri cəbhəyə və xalqımıza dəstək verməyə yönəlmişdi. Kollektivimiz -hər şey cəbhə üçün, hər şey qələbə üçün!-şüarı ilə müharibə başlayan gündən etibarən həm arxa, həm də ön cəbhədə xalqımıza dəstək verməyə və beləliklə də qələbəmizi daha da yaxınlaşdırmağa bütün imkanları və qüvvəsi ilə səfərbər olmuşdu. Döyüşlər başladığı ilk günlərdən bəzi əməkdaşlarımız həm könüllü olaraq, həm də Səfərbərlik İdarəsinin xətti ilə ön cəbhədə qəhrəman ordumuzun sıralarında öz vəzifə borclarını ləyaqətlə yerinə yetirmişdir. Ağır döyüşllərdə iştirak edən igid əməkdaşlarımız, azad etdikləri vətən torpaqlarının hər qarışına, hər daşına öz adları ilə birlikdə, Mərkəzi Klinikanın adını həkk etməklə kollektivimizin qüruruna, mərdlik sinvoluna çevrildilər.
Arxa cəbhədə isə həm Mərkəzi Klinika Bakı Xəstəxanasında, həm də Mərkəzi Klinika Gəncə Xəstəxanasında hərbi əməliyyatlar zamanı yaralanmış, xüsusən də ağır xəsarətlər almış hərbçilərimiz uğurla müalicə olundu və öz sağlamlıqlarına qovuşdular. Hərbçilərimizin və mülki vətəndaşlarımızın müalicəsinə dəstək üçün klinikamızın yüksək ixtisaslı həkim briqadaları - travmatoloqlar, ümumi cərrahlar, anestezioloqlar, reanimatoloqlar və digər yüksək ixtisaslı tibb işçiləri cəbhə boyu ərazilərdəki klinikalara, o cümlədən də Mərkəzi Klinika Gəncə Xəstəxanasına fasiləsiz növbə qrafiki əsasında ezam edildi. Onlar əsgər və zabitllərimizlə birlikdə, mülki əhaliyə, o cümlədən də Gəncə teroru zamanı ağır xəsarət almış dinc sakinlərin müalicəsinə cəlb olundular. Yüksək ixtisaslı həkimlərimizlə yanaşı peşəkar orta tibb personalımız da böyük ruh yüksəkliyi ilə bu təşəbbüsə qoşulmuşlar. Onların tam əksəriyyəti könüllü olaraq və öz arzuları ilə bu tarixi missiyada iştirak etdilər. Eyni zamanda göstərilən tibbi xidmətlər və cərrahi əməliyyatlar üçün bütün tibbi cihaz, avadanlıq, dərman və tibbi materiallar Mərkəzi Kilinika hesabına təmin edildi.
Nüfuzlu səhiyyə müəssisəsi kimi Mərkəzi Klinika bütün bunlarla kifayətlənməyərək, ölkəmizin ərazi bütövlüyünü birbaşa təmin edən Azərbaycan Ordusuna dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna vəsait də köçürmüşdür. Kollektivimiz işğalda olan torpaqlarımızın düşməndən azad edilməsinə dəstək məqsədilə aylıq vəzifə maaşlarının yarısını, bəziləri isə tamamını bu Fonda ianə etmişdir. Əlbətdə dövlətimiz tərəfindən ordunun maddi-texniki təchizatı ən yüksək səviyyədə təmin edilir, gündəlik dövlət qayğısı ilə əhatə olunur və əlavə heç bir yardıma ehtiyac yoxdur. Kollektivimiz bu addımı ilə şanlı ordumuz ilə həmrəylik nümayiş etdirdiyini və ordumuzun yanında olduğunu ifadə etdi.
Yuxarıda qeyd edilənlərlə yanaşı, çox təəssüf ki, kollektivimiz və onların ailə üzvləri arasında da şəhidlərimiz oldu. Belə çətin günlərdə onlara maddi və mənəvi dəstək göstərilməsi də diqqət mərkəzindədir. Mərkəzi Klinika bu ağır günlərində onların ailə üzvlərini unutmur, onlara dəstək verməyi mənəvi borc hesab edir. Bu məqsədlə, döyüşlərdə iştirak edərək şəhidlik zirvəzsinə ucalan əməkdaşlarımızın ailə üzvlərinə sosial yardım və qayğı məqsədi ilə şəhidin aylıq əmək haqqının üç misli qədər birdəfəlik maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul edilmişdir.
Bir sözlə, Mərkəzi Klinika xalqımızın bu haqlı mübarizəsində, bu Vətən müharibəsində qalib gəlməsi üçün bütün resursları ilə, peşəkar kadrları ilə səfərbər oldu.
Bu müqəddəs müharibədə xalqımızın qalibiyyətini şərtləndirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli mövqeyindən qürur və iftixar hissi duyur, bu şərəfli yolda dövlət başçısının və şanlı ordumuzun ətrafında sıx birləşdiyimizi ifadə edirik. Bir daha Şanlı Qələbə münasibəti ilə xalqımızı səmimi qəlbdən təbrik edirik!
Qarabağ Azərbaycandır!
Mərkəzi Klinika Rəhbərliyi