Tarixçə

Mərkəzi Klinika yarım əsirlik tarixə malik nüfuzlu bir səhiyyə ocağıdır. Xəstəxananın binası 1963-cü ildə layihələşdirilmiş və 01.10.1965-ci ildə tikintisi sona çatdırılaraq istifadəyə verilmişdir. Həmin dövrdə başqa ünvanda fəaliyyət göstərən Azərbaycan SSR Səhiyyə Nazirliyinin IV Baş İdarəsinin 1 saylı Xəstəxanası bu binaya köçürülmüş və 1999-cu ilədək fəaliyyət göstərmişdir. Xəstəxananın ilk baş həkimi görkəmli səhiyyə işçisi və təşkilatçısı Məcid Ələsgər oğlu Hacıyev olmuşdur. 300-çarpayılıq bu xəstəxana xüsusi bir kantingentə, o cümlədən yüksək dövlət və ictimai xadimlərə, vəzifəli şəxslərə tibbi xidmət göstərərək, xalq arasında `Leçkomissiya` adı ilə məhşurlaşmışdır. Respublikamızın ilk müstəqillik illərində bir müddət Səhiyyə Nazirliyinin Reabilitasiya şöbəsinin 1 saylı xəstəxanası kimi fəaliyyət göstərdikdən sonra, Ümummilli liderimiz Heydər Əliyev cənablarının şəxsi təşəbbüsü ilə xəstəxananın binası qısa müddətdə (01.05.1999-01.03.2001-ci illər) beynəlxalq standartlara uyğun rekonstruksiya edilmiş və 24.04.2001-ci il tarixindən Türkiyə Cümhuriyyətinin AHSEL Holdinq Şirkətinə 10 il müddətinə idarəetməyə verilmişdir. Həmin dövrdən də Səhiyyə Nazirliyinin tam təsərrüfat hesablı Mərkəzi Klinik Xəstəxanası adı ilə fəaliyyətə başlamışdır. 2007-ci ildə möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən xəstəxananın fəaliyyətinə ən ali səviyyədə yüksək etimad göstərilmiş və Mərkəzi Klinika adı altında Azərbaycan Respublikasının Prezidentinin Xüsusi Tibb Xidmətinin tabeçiliyinə verilmişdir. 2009-cu il iyunun 25-də Mərkəzi Klinikanın inkişafının məntiqi davamı kimi başqa bir ünvanda Ambulatoriya fəaliyyətə başlamışdır. Ambulatoriyanın yerləşdiyi bina 1895-ci ildə inşa olunmuşdur və 2008-ci ildən etibarən 1 il ərzində aparılan yenidənqurma işləri nəticəsində müasir görkəm almışdır.

Hazırda Mərkəzi Klinika Bakı şəhərində iki ünvanda -Parlament prospekti 76 ünvanında Xəstəxana, Zərifə Əliyeva 5 ünvanında isə Ambulatoriya kimi xalqımıza tibbi xidmət göstərir.

Yaranma zərurəti və vacibliyi. Sovet İttifaqının dağılması və müstəqil respublikanın elan edilməsi ilə əlaqədar keçid dövrünün sosial-iqtisadi problemləri bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də çətin vəziyyət yaratmışdır. Səhiyyə müəssisələrinin texnika və texnalogiyaları fiziki və mənəvi aşınmaya məruz qalmış, köhnəlmiş, bu səbəbdən də xalqa lazımi səviyyədə tibbi xidmət göstərə bilmirdi. Vətəndaşlarımız ən adi xəstəliklərin diaqnoz və müalicəsi üçün xarici ölkələrə üz tuturdu.  Belə hallar vətəndaşlarımıza narahatlıq gətirməklə yanaşı, səhiyyə sistemimizə olan etibarın da azalmasına gətirib çıxarmışdı. Bununla birlikdə onların xarici ölkələrdə ikinci dərəcəli vətəndaşlar kimi qarşılanması, mənəvi cəhətdən alçaldılmaları halları da baş verirdi. Bu hallar respublikamızdan böyük miqdarda valyutanın xarici ölkələrə axımına da şərait yaradırdı. Mövcud yüksək ixtisaslı tibbi kadrlar ya xarici ölkələrə gedir, ölkədə qalanlar isə müasir nəzəri və praktik biliklər əldə edə bilmədiklərindən inkişafdan geri qalırdı. Bu vəziyyəti xəstəxanamızın açılışı zamanı Ümummilli Liderimiz öz nitqində daha dəqiq ifadə etmişdir: “Son illər belə bir halı müşahidə etməyə başladıq ki, Azərbaycanda bir çox xəstəliklərin müalicəsi mümkün deyil, hətta xəstəliklərin deyil, bəzi xəstəliklərə aid müayinənin aparılması da mümkün deyil. Çünki, masir səhiyyə elmi əsaslarla, dünyada əldə olunmuş təcrübə əsasında və bir də səhiyyə sahəsində elmi-texniki-tərəqqinin, bu sahədə dünyada yaranmış imkanların əsasında qurulur”.

Belə bir vəziyyət ölkəmizdə yüksək səviyyəli bir səhiyyə müəssisəsinin yaradılmasını günün ən aktual məsələsinə çevirirdi. Lakin o dövrdə respublikanın maliyyə imkanlarının məhdudluğu və yeni müasir tələblərə imkan verən xəstəxananın yaradılmasının isə çox böyük maliyyə vəsait tələb etməsi, bu sahəyə vəsait ayrılmasına böyük cəsarət və uzaqgörənlik tələb edirdi. Məhz Ümummilli Lider hər sahədə olduğu kimi, burada da öz cəsarətini və uzaqgörənliyini göstərərək Mərkəzi Klinik Xəstəxananın yaradılması kimi müdrik qərar verdi və maliyyə vəsaiti  ayırdı. Məhz buna görə Mərkəzi Klinik Xəstəxana müstəqil Azərbaycan dövlətinin banisi və memarı, təkcə Azərbaycanın deyil, dünyanın tanınmış siyasi xadimlərindən biri, Ümummilli Liderimiz Heydər Əliyevin səhiyyə siyasətinin  xalqımıza bəxş etdiyi töhfəsi hesab edilməlidir.

Fəaliyyət və uğurlarımız. Mərkəzi Klinika fəaliyyət göstərdiyi on dörd ilədək bir müddət ərzində qarşısına qoyduğu vəzifələri ləyaqətlə yerinə yetirmiş və bu istiqamətdə fəaliyyətimiz davam edir. Xəstəxanamız tibbin əsas istiqamətləri üzrə xalqımıza beynəlxalq standartlara uyğun xidmət göstərərək qısa müddətdə nəinki Azərbaycanda, eyni zamanda Qafqazda böyük nüfuza malik bir şəfa ocağına çevrilmişdir. Mərkəzi Klinika beynəlxalq standartlara uyğun, daim yenilənən, tibbin son nailiyyətlərinə əsaslanan tibbi texnika, texnologiya və peşəkar personalla xidmət göstərir. Xəstəxanamızda bütün istiqamətlərdə təkmilləşmə işləri aparılır, xidmətlərimizin keyfiyyəti, növləri və istiqamətləri daim genişləndirilir, yeni layihələr həyata keçirilir. Xalqımıza müasir tibbin ən son nailiyyətlərindən peşəkarcasına istifadə etməklə tibbi xidmət göstərmək və beləliklə də, onlarda milli səhiyyəyə inamı və etibarı daha da gücləndirmək Mərkəzi Klinikanın əsas FƏALİYYƏT FƏLSƏFƏSİNƏ çevrilmişdir.

Mərkəzi Klinika Ambulatoriyası isə 3 mərtəbədən ibarət olmaqla ümumi sahəsi 4200 kvadratmetirdir. Burada ən son tibbi cihaz və avadalıqlarla təchiz olunmuş və müasir tibbi texnalogiyalar əsasında fəaliyyət göstərən Əməliyyatxana, Diqnostika, Ginekologiya, Pediatriya, Terapiya, Kardiologiya, Travmatologiya, Fizioterapiya və s. kimi tibbi şöbələri fəaliyyət göstərir ki, onların təchizat və yaradılmış imkanlar baxımından regionda analoqu yoxdur.

Ölkə rəhbərliyinin xüsusi diqqəti və qayğısı nəticəsində yaradılan bu şərait əsasında bu günədək həmin dövrdə ölkəmizdə həyata keçirilməyən tibbi xidmətləri, cərrahi əməliyyatları, o cümlədən 10 000-dən çox açıq ürək əməliyyatı, 30 000-dən çox angioqrafiya, sümük iliyinin transplantasiyası, süni mayalandırma və sair mürəkkəb əməliyyatların uğurla həyata keçirilmişdir. Vətəndaşlarımıza ən müasir tibbi cihazlarla (KT, MRT, ND, Angioqrafiya və s.) son dərəcə dəqiq diaqnozlar qoymağa və laborator analizlər aparmağa imkan verən şərait yaradılmışdır. Təcrübəli həkimlər tərəfindən həyata keçirilən əməliyyatlar və göstərilən tibbi xidmətlər nəticəsində on minlərlə vətəndaşımız öz sağlamlığına qovuşmuş və şəfa tapmışlar. Eyni zamanda nəinki öz vətəndaşlarımız, artıq fəxrlə deyə bilərik ki, xarici ölkə vətəndaşları da, diplomatik nümayəndəliklərin, nüfuzlu xarici şirkətlərin əməkdaşları da xəstəxanamızda göstərilən tibbi xidmətlərdən istifadə edir, öz sağlamlıqlarını bizə etibar edirlər.

Bir sözlə həm xidmətlərimizin sayı və ümumi dövriyyəmiz,  həm də cəmiyyət arasında etibar və nüfuzumuz durmadan artır, xəstəxanamıza bəslənən ümidləri doğrulduruq. Mərkəzi Klinika səhiyyə sahəsində bir milli brendə çevrilərək, bütövlükdə Azərbaycan Səhiyyəsində sürətli inkişafın hərəkətverici qüvvəsinə (lokomotivinə) çevrilmişdir.

Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):