Xəbərlər

Dünya Ürək Günü ilə əlaqədar sosial aksiya keçirilib

Hər il sentyabrın 29-u Dünya Ürək Federasiyası və üzv təşkilatlar, eləcə də dünyanın ayrı-ayrı ölkələrində müxtəlif səhiyyə təşkilatları tərəfindən Dünya Ürək Günü kimi qeyd edilir. Dünya Ürək Gününün builki şüarı “Ürəyinizin qəhrəmanı olun!”dur. Bu il insanları ürəklərinin qorunması üçün mübarizəyə səsləyən Dünya Ürək Federasiyası ürək sağlamlığına daha çox diqqət ayırmağı hədəfləyir.

Azərbaycanda da Dünya Ürək Günü ilə bağlı müxtəlif tədbirlər keçirilib. Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti hər il olduğu kimi bu il də bir neçə sosial aksiya və elmi konfrans təşkil edərək, ürək sağlamlığının vacibliyinə diqqət çəkib.

Daha çox insanın Dünya Ürək Günü ilə bağlı məlumatlandırılması məqsədilə “Park Bulvar” Ticarət Mərkəzində aksiya keçirilib. Aksiya zamanı Mərkəzi Klinik Xəstəxananın həkim briqadası tərəfindən ödənişsiz əsaslarla insanların qan təzyiqi, qanda şəkərin, xolesterolun miqdarı ölçülüb, ürək-damar xəstəliklərindən qorunmağın yolları haqqında məsləhətlər verilib.

Digər bir sosial aksiya isə Bilgəhdə keçirilib. Mərkəzi Klinik Xəstəxananın həkim briqadası tərəfindən Bilgəh qəsəbəsində yerləşən pensiya yaşına çatmışlar üçün sosial xidmət müəssisəsində məskunlaşan ahıllar müayinədən keçirilib, onlar üçün müalicə kursu təyin edilib. Aksiyaya dəstək verən “KRKA” şirkəti isə ahılların lazımi dərman preparatları ilə təmin olunmasını təşkil edib.

Dünya Ürək Günü ilə əlaqədar keçirilən tədbirlərin sonuncusu isə “Hyatt Regency” otelində “KRKA” şirkətinin dəstəyi ilə ürək-damar cərrahları, rezidentlər və gənc həkimlərin iştirak etdiyi Dünya Ürək Gününə həsr olunmuş elmi-praktiki konfrans olub. Konfransda Dünya Ürək Gününün əhəmiyyəti qeyd olunub, ürək sağlamlığında aktual mövzular ətrafında çıxışlar edilib, müzakirələr aparılıb.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, professor Kamran Musayev bildirib ki, Dünya Ürək Gününün qeyd edilməsi artıq ənənəyə çevrilib: “Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən 2004-cü ildən etibarən hər il Dünya Ürək Gününü bir neçə aksiya və elmi tədbirlə qeyd edirik. Dünya Ürək Günü ilə əlaqədar keçirdiyimiz tədbirlərdə ürək sağlamlığının əhəmiyyətindən danışır, insanlar arasında ürəyin fəaliyyətinə biganə qalmamağa çağırışlar edirik. Bu il “Ürəyinizin qəhrəmanı olun!” şüarı ilə keçirdiyimiz aksiya və tədbirlərdə də insanlara ürək sağlamlığının qorunmasında hər kəsin qəhrəman ola biləcəyinin mümkünlüyü barədə məlumatlar paylaşdıq, onları sağlam həyata və sağlam qidalanmağa çağırdıq”.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):