Yumurtahüceyrə ilə spermatozoidin görüşərək mayalanması uşaqlıq borusunda baş tutur. Onların birləşməsindən əmələ gələn embrion uşaqlıq istiqamətində hərəkət edərək onun boşluğuna düşür və divarına birləşir. Ancaq embrionun uşaqlıq borusunda hərəkəti pozulduqda o, ya boruda ləngiyib inkişaf edir, ya da qarın boşluğu istiqamətində atılır və inkişafın davam etdirir. Belə hala UŞAQLIQDANKƏNAR (EKTOPİK) HAMİLƏLİK deyilir. Yerləşməsinə görə ən çox uşaqlıq borusu, daha az hallarda isə yumurtalıq, qarın boşluğu, uşaqlıq boynu hamiləliyinə təsadüf olunur.
Uşaqlıq borusu hamiləliyi qarın boşluğunda davamlı küt, bəzən sancışəkilli ağrı, uşaqlıq yolundan qəhvəyi axıntı kimi şikayətlərə səbəb olur. Boru hamiləliyinin partlayaraq qarın boşluğuna qanaxma riski daşıdığı üçün vaxtında, düzgün diaqnoz qoyularaq aşkarlanması tələb olunur.
İnkişaf edən boru hamiləliyin müalicəsi əsasən cərrahi üsuldur. Müasir cərrahiyyədə endoskopik, yəni Laparoskopik üsula üstünlük verilir. Bu zaman içərisində hamiləlik inkişaf edən boru kəsilib xaric edilə bilər-tubektomiya, divarı kəsilib içərisindəki embrion xaric edilə bilər-tubotomiya, ya da borunun tamlığına toxunmadan möhtəviyyatı xaric edilə bilər - milking.
Xəstəmizdə zamanında "Sağ boru hamiləliyi" diaqnozu qoyularaq laparoskopik əməliyyata alındı. Uşaqlıq borusunun saxlanma arzusu olduğundan sadəcə milking - yəni möhtəviyyatın xaric edilməsi həyata keçirildi.Xəstə əməliyyatdan sonra birinci sutkada sağalma ilə evə yazıldı.
Sağ boru hamiləliyi. Laparoskopik Milking əməliyyatı