Xəbərlər

Mərkəzi Klinikada 28 May Respublika Günü münasibətilə tədbir keçirilib

Tədbir Dövlət Himninin səslənməsi ilə başlandı. Sonra Baş Direktor, Əməkdar həkim İxtiyar Sultanov tədbiri giriş nitqi ilə açaraq qeyd etdi ki, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə yazılmış 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu bir gündür. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu.

Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu. Həmin dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.

Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Lakin ilk cümhuriyyətimizin ömrü cəmi 23 ay oldu.

Müxtəlif maraqları olan xarici hərbi qüvvələrin çoxsaylı təzyiqləri nəticəsində 1920-ci il aprelin 27-də süqut etdi. Lakin 70 il sonra, Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını-azadlığını, müstəqilliyini tələb etdi, 1991-ci ilin oktyabrında XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. Xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi və bu dahi şəxsiyyətin müdrik siyasəti nəticəsində müstəqilliyimizin qorunub saxlanması mümkün oldu.

Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlandı. Bütün mənalı həyatını öz xalqına həsr edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan Respublikası, hazırda onun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən daha da inkişaf etdirilir və müstəqilliyimiz daha da möhkəmləndirilir.

İclasda həmçinin Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsini müdiri Dr. Vüqar Abdülkərimov da geniş məruzə ilə çıxış etdi.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):