Xəbərlər

“Sonsuzluğun müalicəsində müasir texnologiyaların rolu” beynəlxalq elmi-praktik konfrans keçirilib

Mayın 12-də Gəncə şəhərində Mərkəzi Klinika Bakı Xəstəxanası və Mərkəzi Klinika Gəncə Xəstəxanasının birgə təşkilatçılığı ilə “Sonsuzluğun müalicəsində müasir texnologiyaların rolu” mövzusuna həsr olunan beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda Türkiyədən gəlmiş tanınmış həkimlər - ginekoloq, ekstrakorporal mayalanma (EKM) üzrə mütəxəssis, professor Kadir Savan, irsi xəstəliklər üzrə mütəxəssis, dosent Serdar Ceylaner, tibbi genetik, dosent Gülay Ceylaner və ginekoloq, tibb üzrə fəlsəfə doktoru Mahirə İsmayılova, eləcə də respublikada bu sahə üzrə tanınmış bir çox həkimlər iştirak ediblər.

Elmi-praktik konfransın keçirilməsində məqsəd dünyada bu sahədə mövcud olan elmi nailiyyətlərə yiyələnmək, yenilikləri respublikamızda tətbiq etmək və müvafiq mütəxəssislərlə təcrübə mübadiləsi aparmaqdan ibarət olub. Tədbiri Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin tabeçiliyində fəaliyyət göstərən Mərkəzi Klinika Gəncə Xəstəxanasının baş direktoru Həsən Qəndilov açaraq bu konfransın Gəncə şəhərində xarici qonaqların iştirakı ilə ginekologiya sahəsi üzrə sayca ikinci elmi-praktik konfrans olduğunu vurğulayıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illərdə respublikanın hər bir bölgəsində olduğu kimi, Gəncə şəhərində də bütün sahələrdə, xüsusən səhiyyə və tibbi xidmətin yüksəldilməsi sahəsində böyük inkişafa nail olunub. Məhz paytaxtdan sonra ilk dəfə Mərkəzi Klinika standartları və prinsipləri əsasında işləyən Müalicə-Diaqnostika Mərkəzinin bu şəhərdə açılması tibbin bütün istiqamətləri üzrə paytaxtda göstərilən xidmətlərin eyni keyfiyyət və növlərinin bu regionda da tətbiqi ilə nəticələnib.

Gəncə-Müalicə Diaqnostika Mərkəzinin qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, artıq bu səhiyyə müəssisəsinə bəslənən ümidlər özünü doğruldub. Belə ki, burada əvvəllər nəinki Gəncə şəhərində, həm də bütövlükdə regionlarımızda həyata keçirilməyən mürəkkəb cərrahi əməliyyatlar və tibbi xidmətlər, o cümlədən 1600-dən çox ürək-damar cərrahiyyəsi, 7 mindən çox angioqrafiya, 7-dən çox böyrək transplantasiyası, minlərlə mürəkkəb poliklinik, laborator və diaqnostik xidmətlər uğurla həyata keçirilib, yerli və əcnəbi mütəxəssislər sakinlərə beynəlxalq standartlara uyğun tibbi xidmət göstəriblər. Artıq bir ildir Mərkəzin mama-ginekologiya şöbəsində sonsuzluğun müalicəsində ən yeni metod olan yardımçı reproduktiv texnologiyaların tətbiqi ilə xəstələrin uğurlu müalicə aldıqlarını deyən Həsən Qəndilov qeyd edib ki, bu günədək həmin metodların tətbiqi ilə 20-dək süni mayalama xidməti uğurla həyata keçirilib və ailələrə sevinc bəxş olunub.

Sonra Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi, akademik Cəmil Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. Konfransda çıxış edən Mərkəzi Klinikanın mama-ginekologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mahirə İsmayılova bildirib ki, Azərbaycanda ekstrakorporal mayalanma üsulu ilə sonsuzluğun müalicəsinə ilk dəfə 2004-cü ildə Mərkəzi Klinikada başlanılıb. “Sonsuzluğun müalicəsində müasir texnologiyaların rolu” mövzusunda konfransın ilk dəfə 2015-ci ildə Bakıda keçirildiyini deyən M.İsmayılova qeyd edib ki, ikinci konfransın Gəncədə təşkil olunması heç də təsadüfi deyil. Çünki 2017-ci ildə Mərkəzi Klinikanın Gəncə Xəstəxanasında ilk dəfə ekstrakorporal mayalanma mərkəzi yaradılıb və sonsuzluğun müalicəsində ən müasir və effektiv üsulun tətbiqinə başlanılıb.

Eyni zamanda, Gəncə Xəstəxanasında embrioloji laboratoriya ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Prezident İlham Əliyevin respublikamızda səhiyyə sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışan Mahirə İsmayılova deyib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində bölgələrdə 600-dən çox səhiyyə müəssisəsi tikilərək istifadəyə verilib. Məhz Mərkəzi Klinika Gəncə Xəstəxanası da həmin müəssisələrdən biridir.

Hazırda tibbin bütün sahələri üzrə şəhər sakinlərinə yüksək səviyyəli səhiyyə xidməti göstərən Gəncə Xəstəxanasında yeni müasir texnologiyaların tətbiqi ilə bütün növ cərrahi əməliyyatlar, o cümlədən kardiocərrahiyyə, neyrocərrahiyyə, uroloji, travmatoloji, hətta böyrək transplantasiyası belə bu mərkəzdə icra edilir. Xəstəxananın Qadın Mərkəzində isə ilk gündən başlayaraq Gəncə və ətraf rayonlarda yaşayan qadınlara müasir texnologiyaların tətbiqi ilə yüksək xidmət göstərilir. M.İsmayılova bildirib ki, sonsuzluğun ən çətin növlərinin müalicəsində hamiləlik göstəricisinin 49 faiz olması xəstəxananın bu sahədə dünyanın ən öncül mərkəzlərinin göstəriciləri ilə eyni olduğunu təsdiqləyib.

Sonra konfransda Türkiyənin Kolan Hospital Tüp Bebek Mərkəzinin rəhbəri, professor Kadir Savanın, Mərkəzi Klinikanın mama-ginekologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mahirə İsmayılovanın, həmin şöbənin həkimləri Sevinc Sevdimalıyeva və Ramin Salahovun, Türkiyənin “İntergen” genetik mərkəzinin rəhbəri, dosent Serdar Ceylanerın, mərkəzin mütəxəssisi, dosent Gülay Ceylanerin, embrioloq İlyas Karakayanın və başqalarının məruzələri dinlənilib.

Konfrans iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):