Aprel ayının 28-də Mərkəzi Klinikada görkəmli alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibəti ilə geniş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Baş direktor açaraq görkəmli alimin həyat və fəaliyyəti barədə toplantı iştrakçılarına geniş məlumat verdi. O, bildirdi ki, akademik Zərifə Əliyeva tibb elminin, xüsusəndə oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təkan vermişdir.
Sonra məruzə ilə çıxış edən xəstəxananın aparıcı oftalmoloqu Arzu Eyvazova akademik Zərifə Əliyevanın Oftalmologiya sahəsində bəşəriyyətə verdiyi əvəzolunmaz elmi töhfələrdən, o cümlədən görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrindən, bu nailiyyətlərinə görə ona keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülməsindən, SSRİ-də bu mükafatı alan ilk qadın alim olmasından və s. bu kimi uğurlarından ətraflı bəhs etdi. Xəstəxananın məsul şəxsi Nigar İsmayılova da, vaxtilə görkəmli alimin rəhbərlik etdiyi kollektivdə fəaliyyət göstərməsindən, onun yüksək təşkilatçılıq qabiliyyəti, səmimiyəti və insanlara qarşı xeyirxahlığı ilə bağlı xatirələrini toplantı iştirakçıları ilə bölüşdü.
Tədbirin sonunda görkəmli alimin həyat yolunu əks etdirən videoçarx göstərildi.

