Xəbərlər

Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Mərkəzi Klinikada görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir  keçirilib.

Baş direktor, əməkdar həkim Dr. İxtiyar Sultanov tədbir iştirakçılarını salamlayaraq Əziz Əliyevin mənalı ömür yolundan və Azərbaycanda səhiyyənin inkişafındakı  əvəzolunmaz xidmətlərindən danışıb. O, bu yubileyin yüksək səviyyədə keçirilməsi barədə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin imzaladığı Sərəncamı tədbir iştirakçılarının nəzərinə çatdıraraq, məhz tədbirin bu məqsəd daşıdığını bildirib.

Dr. İxtiyar Sultanov qeyd edib ki, Əziz Əliyev 1897-ci il yanvarın 1-də İrəvan quberniyasının Hamamlı kəndində anadan olub. 1908-ci ildə İrəvandakı gimnaziyaya daxil olub, 1917-ci ildə gimnaziyanı bütün fənlər üzrə  əla qiymətlərlə bitirib. Əziz Əliyevin Bakı həyatı 1923-cü ildən başlayıb. Bakıda ilk vaxtlar Azərbaycan SSR Xalq Komissarları Şurasında iş icraçısı, həmin idarənin ümumi şöbə müdirinin müavini, katibin müavini və nəhayət, respublika Xalq Səhiyyə Komissarı vəzifəsinə təyin edilib. Bildirilib ki, Əziz Əliyev bu çətin və məsuliyyətli vəzifələrdə çalışmaqla yanaşı, 1927-ci ildə Bakı Dövlət Universitetinin tibb fakültəsini bitirib və universitetin daxili xəstəliklər kafedrasında saxlanılıb. Əziz Əliyev həmin kafedrada əvvəl ordinator, sonra isə aspirant, assistent və dosent kimi fəaliyyət göstərib. O 1929-32-ci illərdə Azərbaycan Klinik İnstitutunun direktoru vəzifəsinə təyin olunub. Əziz Əliyev İkinci Dünya Müharibəsindən həm əvvəlki, həm də sonrakı illərdə Azərbaycanda səhiyyənin təşkili məsələsinə xüsusi diqqət yetirib və onun bu sahədəki əvəzsiz xidmətləri tarixə qızıl hərflərlə həkk olunub. Əziz Əliyev 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə isə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışaraq özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilib. O, 1949-1950-ci illərdə Moskvada ÜİK (b) P MK-nın inspektoru, 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru, həmçinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifələrində işləyib. Diqqətə çatdırılıb ki, Əziz Əliyev həm də gözəl ailə başçısı olub.

Baş həkim, tibb elmləri doktoru, əməkdar həkim Kamran Musayev geniş məruzə ilə çıxış edərək görkəmli ictimai xadim Əziz Əliyevin müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyətini, respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələrini xüsusilə qeyd edib. Vurğulanıb ki, Əziz Əliyev paytaxtda səhiyyə işlərini yaxşılaşdırmaq məqsədilə Bakı şəhər səhiyyə şöbəsinin müdiri, Azərbaycanda yüksək ixtisaslı milli tibb kadrlarının hazırlığını gücləndirmək məqsədilə isə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru təyin edilib. Bu illər ərzində tibb sahəsində bir sıra ciddi addımların, o cümlədən azərbaycan dilində ilk tibb təhsilinin, ilk tibb dərsliyinin, ilk tibb qəzetinin, ilk tibb kitabxanasının və sair bu kimi işlərin təşkilatçısı və ya təşəbbüskarı olmuşdur.

Sonda görkəmli alimin həyat yolunu əks etdirən videoçarx göstərilib.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):