Qış fəsli orqanizm üçün ən çox vitamin tələb olunduğu zamandır. Məhz bu fəsildə vitaminlər, faydalı qidalar vasitəsi ilə orqanizmi möhkəmləndirmək lazımdır. Soyuq havalarda qidaya xüsusi fikir vermək mütləqdir. Bu fəsildə pəhriz saxlamaq, ac qalmaq məsləhət deyil. Qida rasionundan müxtəlif şorbalar, ət, balıq, toyuq, süd və süd məhsulları, müxtəlif meyvə- tərəvəzləri əskik etməməlisiniz. Tərkibi C vitamini ilə zəngin olan sitrus meyvələrinə üstünlük verməyiniz tövsiyə olunur. Qış fəslinin əsas karbohidrat mənbəyi çörək və müxtəlif sıyıqlardır.
Səhərlər çörək, sıyıq, yumurta müxtəlif və bol kalorili qidalar qəbul etmək orqanizminizi möhkəmləndirəcəkdir. Soyuq havalarda yaxşı və kalorili qidalanmaq sizin çəkinizin artıra bilər. Amma bundan narahat olmağa dəyməz. Çünki, orqanizmdə gedən maddələr mübadiləsi zamanı qazandığınız artıq çəki tədricən itəcəkdir. Yaxud, butün bu kalorili qidaları günün birinci yarısında qəbul etmək, axşam yeməyində isə az yağlı toyuq, balıq və ağartı məhsullarından, meyvə-tərəvəzdən istifadə etmək kökəlməyinizi əngəlləyə bilər. Çox hərəkət etməyə çalışın. Bu maddələr mübadiləsinin daha sürətlə aktivləşməsinə və sizin enerjili olmanıza gətirib çıxardacaq. Səhərlər təbii sıxılmış meyvə şirəsi sizin gün boyu gümrah olmanıza köməklik göstərəcəkdir. Yemək bişirərkən isə bibər, hil, zəncəfil, cirə kimi “istilik gətirici” ədvalardan istifadə etmək lazımdır. Soyuq havalarda soğan, sarımsaqdan çox yararlanın. Məhz bunlar orqanizmi viruslara qarşı qoruyan əsas vasitələrdəndir.
Şaxtalı havada endorfin tərkibli qidalar da faydalıdır. Məsələn, şokolad insana sevinc hormonları bəxş edir və gün boyu yüksək əhval-ruhiyyədə olmaqda kömək edir.
Qış fəslinin əsas “qoruyucularından” biri də mayedir. Bu fəsildə xüsusi ilə isti mayelərə üstünlük verilməlidir. Bunların sırasında çay, süd, südlü çay, qəhvə, su əsas yeri tutur. Yaxşı olar ki, şaxtalı havada evdən çıxmamışdan əvvəl isti maye qəbul edəsiniz. Soyuq içki və qidalardan uzaq durun.
Unutmayın ki, sağlamlığınız öz əlinizdədir!

