• Ümumi məlumat
  • Həkimlər

Mərkəzi Klinikanın Ürək və Damar Cərrahiyyəsi şöbəsi 2001-ci ildən etibarən müasir kardiovaskulyar cərrahiyyə sahəsində fəaliyyət göstərir, bu barədə ən son nailiyyətləri respublikamızda tətbiq edir.  Bugünə qədər zəngin təcrübə və bacarığa malik, tanınmış cərrahlardan ibarət heyəti ilə minlərlə cərrahi əməliyyat həyata keçirmişdir. Ürək və Damar Cərrahiyyəsi şöbəsi elmi-cərrahi yenilikləri yaxından təqib edir, respublikamızın ehtiyacı olan gənc kadrların yetişməsi üçün əvəzolunmaz xidmətlər göstərir. 

Aorto-koronar Şuntlama

Aorto-koronar şuntlama-ürək əzələsinin qan təchizatı ilə təmin olunmasını bərpa edən cərrahi əməliyyatdır. Daralmış və ya tıxanmış koronar arteriyaların qidalandırdığı ürək əzələsi, orqanizmin müxtəlif yerlərindən (döş sümüyünün arxasından, qoldan, baldırdan və s.) əldə edilən damarlar vasitəsilə yenidən qidalandırılır. Aorto-koronar şuntlama – ürəyin işemik xəstəliyinin radikal müalicə üsüllarından ən effektivli hesab olunur. Belə ki, bu əməliyyat xəstələrə daha uzun ömür, daha komfortlu və təhlükəsiz həyat bəxş edir.

Son zamanlarda əməliyyatlar döyünən ürəkdə və minimal invaziv üsullarla həyata keçirilir. Mərkəzi Klinikanın Kardiologiya şöbəsi olaraq birincili yanaşmamız bu əməliyyatları döyünən ürəklə və minimal invaziv metodlarla icra etməkdir. Bu yeniliklər xəstələtin daha tez sağalıb aktiv həyata dönməsini təmin edir, eyni zamanda yüksək risk qrupuna daxil olan xəstələrin də əməliyyat olunmasına imkan yaradır.

Ürək qapaqlarının cərrahiyyəsi

Ürək qapaq xəstəlikləri anadangəlmə və qazanılmış ola bilər. Ölkəmizdə qazanılmış qapaq xəstəliyi ən çox uşaq vaxtı keçirdilmiş (daha çox 5-15 yaş) revmatizmlə əlaqədar meydana çıxır. Əgər xəstəlik dərmanlarla müalicə olunmursa, onda cərrahi müalicəyə başlanılır. Cərrahi müalicə iki cür tətbiq edilir : qapağın təmiri (xəstənin öz qapağı qorunub saxlanılır) və qapağın protezləşdirilməsi (bərpanın mümkün olmadığı hallarda qapaq xüsusi olaraq hazırlanmış protezlərlə əvəz edilir). Qapaq protezləşdirilməsi bioprotezlərlə (müxtəlif canlılardan götürülür) və ya mexaniki protezlərlə icra edilir. Mexaniki protezlərdən istifadə etdikdən sonra xəstələr ömür boyu qan durulaşdırıcı dərmandan (Varfarin) istifadə etməlidirlər. Bioprotezlərdə isə onlardan istifadə olunmur, lakin bioprotezlərin ömrü mexaniki protezlərə nisbətən azdır. Ona görə də xüsusilə cavan xəstələrdə daha çox istifadə edilir. Qapaq təmiri əməliyyatları, müxtəlif cərrahi rekonstruktiv metodlardan istifadə edərək,xəstənin  öz qapağının qorunub saxlanmasıdır. Bu əməliyyatlar daha aşağı risklə icra olunur, daha uzun müddətli müsbət nəticələr əldə olunur və xəstələrin qan durulaşdırıcı dərman istifadə etməsinə ehtiyac qalmır.

 

Hal-hazirda Mərkəzi Klinikanın qapaq cərrahiyyəsi konsepti dünyadakı tendensiyaya uyğun olaraq formalaşmışdır. Yalnız təmiri mümkün olmayan qapaq patologiyalarında protezləşdirmə icra olunur.

Anadangəlmə Ürək Qüsurlarının Cərrahi Müalicəsi

Mərkəzi Klinikanın Kardiologiya şöbəsinin əhəmiyyətli və əsas istiqamətlərindən biri də uşaqlarda və böyüklərdə mövcud olan anadangəlmə ürək qüsurlarının cərrahi yolla bərpasıdır. Ən müasir avadanlıqların və ciddi klinik və cərrahi təcrübənin bir araya gəlməsi nəticəsində bu gün klinikamızda yenidoğulmuşlardan tutmuş böyüklərə qədər hər yaş qrupunda olan xəstələrdə müxtəlif tipli anadangəlmə qüsurların cərrahi əməliyyatları həyata keçirilir. Nəticədə hər tip mürəkkəb qüsurların (böyük damarların transpozisiyası, Fallo tetradası, tam artioventrikulyar kanal qüsuru, pulmonar atreziya, tək mədəcik, Epşteyn anomaliyası) radikal korreksiyası aparılır.

Aorta Anevrizması Əməliyyatları

Aorta anevrizması – döş və qarın aortasının genişlənməsi, nadir və çox təhlükəli xəstəliklərdən sayılır. Anevrizmanın müəyyən ölçüyə qədər böyüməsi, onun yırtılmasına və xəstənin ölümünə səbəb olur. Aorta anevrizmasına səbəb olan damar divarının aterosklerotik dəyişikliyi ola bilər. Bəzi hallarda aortanın genişlənməsi damar divarını təşkil edən kollagen liflərinin anadangəlmə dəyişikliyi ilə bağlı ola bilir. Bu hala ən çox Marfan sindromunda rast gəlinir. Qalxan aortanın kəskin laylanması demək olar ki, hər zaman aortanın yırtılmasına və bir neçə saat ərzində xəstənin ölümünə səbəb ola bilər. Bu halda təcili əməliyyat xəstə üçün həyati əhəmiyyət kəsb edir.

Döş aortasının enən hissəsinin laylanan anevrizması isə döş qəfəsi və qarın boşluğu orqanlarında qan təchizatının kəskin pozulmasına və xəstənin cərrahi əməliyyatına ehtiyac yaradır. Mərkəzi Klinikada aortanın bütün seqmentləri (qalxan aorta, aorta qövsü, enən aorta və qarın aortası) və patoloji halları üçün təxirəsalınmaz əməliyyatlar aparılır.

Periferik arteriya xəstəliklərinin cərrahiyyəsi

Periferik arteriyaların okklüziyasının əsas səbəblərindən biri aterosklerozdur. Xəstəliyin kliniki gedişatı hansı damarın və nə dərəcədə ateroskleroz prosesə cəlb edilməsindən asılıdır. Ateroskleroz nəticəsində yaranan xroniki işemiyanın ilk əlamətləri kimi fasiləli axsama və aşağı ətraflarda qan təchizatının pozulması nəticəsində əmələ gələn ağrı tutmalarını qeyd etmək olar. Xəstəliyin proqressivləşməsi istirahət zamanı aşağı ətrafların distal hissələrində ağrıların yaranması, periferik nəbzlərin alınmamağı, quru və soyuq dəri örtükləri ilə xarakterizə olunur. Mərkəzi Klinikda periferik damar okklüziyaları ilə əlaqədar aorto-bifemoral, iliofemoral, femoropopliteal şuntlama, karotid endarterektomiya və plastika, trombektomiya, simpatektomiya, hemangiomaların eksiziyası kimi cərrahi əməliyyatlar aparılır.

Venoz xəstəliklərin müalicəsi

Venoz xəstəliklər ən geniş yayılmış xəstəliklərdəndir. Cəmiyyətimiz təqribən 20%-də müxtəlif dərəcədə venoz problemlər mövcuddur. Venoz problemlər əsas etibarilə varikoz genişlənmə və ya venoz çatışmazlıq şəklində qarşımıza çıxır. Vaxtında lazımı müalicə aparılmayan xəstələrdə bu problem ayaq, baldır ağrısından başlayaraq topuqda, baldırda şişkinlik (ödem), xüsusilə gecələr qıcolmalar, ayaqda qaldıqda şiddətli ağrılar, səthi venaların qabarıqlaşması (varikoz genişlənmə), baldır səthində rəng dəyişikliyi (göyərmədən-qaralmayadək) kimi şikayətlərə səbəb ola bilər. Hətta, “ulcus varicosum” deyilən, sağalmayan yaraya (“trofiki xora”)da gətirib çıxarda bilər.

Klinikamızda venoz xəstəliklərin müalicəsi aşağıdaki istiqamətlərdə aparılır:

  • Dərman müalicəsi
  • İynə müalicəsi (skleroterapiya)
  • Cərrahi müalicə

Xəstənin hansı metodla müalicə ediləcəyinə isə həkim qərar verir. Bir çox xəstədə bu metodlar kombinə şəkildə istifadə olunur.

Azərbaycanda ilk dəfə “Süni ürək köçürülməsi” əməliyyati uğurla icra edilmişdir

Ölkəmizin səhiyyəsində əlamətdar bir hadisə baş vermişdir. Son mərhələyə gəlmiş ürək çatışmazlığı olan xəstələrdə tətbiq olunan “Süni ürək köçürülməsi” əməliyyatı respublikamızda uğurla icra olunmuşdur. Ölkəmizdə ilk dəfə aparılan bu əməliyyat Mərkəzi Klinikanın Xəstəxanasında T.e.n. Dr. Kamran Musayev tərəfindən 44 yaşındakı bir xəstənin üzərində aparılmışdır. 

“Dilatasion kardiomiopatiya” adlı xəstəlikdən uzun müddətdir əziyyət çəkən İ.M. son ümid yeri olaraq Mərkəzi Klinikaya müraciət etmişdir. Mərkəzi Klinikanın  Ürək Mərkəzində bu sahədə ixtisaslaşmış kardioloqlar  tərəfindən hərtərəfli müayinələrdən keçirilən xəstəyə “uzunmüddətli süni ürək cihazının taxılması” məsləhət görülmüşdür. Qeyd etmək lazımdır ki,  süni ürək cihazının taxılması – son mərhələyə gəlmiş ürək çatışmazlığının müalicəsində istifadə olunan ən müasir və effektiv metoddur.

T.e.n. Dr. Kamran Musayev onu da bildirmişdir ki, xəstəyə ABŞ istehsalı olan “HeartMate 2”  süni ürək cihazı implantasiya edilmişdir. Bu implantasiyadan xəstənin uzunmuddətli istifadəsi nəzərdə  tutulmusdur. Əməliyyatdan sonrakı  gedişat tam normal olmuşdur. Hal – hazırda süni ürək cihazı normal funksiya göstərir. Bunun nəticəsindəxəstənin əməliyyatdan əvvəlki pozulmuş hemodinamik və funksional göstəriciləri də tamamilə düzəlmişdir.

Ürək cərrahiyyəsinin zirvələrindən biri olan “süni ürək köçürülməsi” əməliyyatı kifayət qədər kompleks bir əməliyyatdır . Yüksək ixtisaslı kadrlar və yüksək texnologiyanın istehsalı olan cihazlar tələb olunduğu üçün təəssüf ki, bütün mərkəzlərdə tətbiq olunabilmir.  Çox sevindirici haldır ki, bugün artıq respublikamızda “süni ürək cihazının köçürülməsi” reallığa çevrilmişdir. Hər şeydən əvvəl bu əməliyyatların ölkəmizdə milli kadrlar tərəfindən aparılabilməsi – ölkəmizin səhiyyəsinin və kardiologiyasının gəldiyi yüksək səviyyənin göstəricisidir.

T.e.n.Dr.Kamran Musayevin rəhbərliyi ilə ürək-damar cərrahiyyəsi komandası tərəfindən Mərkəzi Klinikada ilk dəfə olaraq qapalı metodla aorta anevrizmasının ləğvi (EVAR) əməliyyatı həyata keçirilmişdir

Abdominal aort anevrizması qarın aortasının müxtəlif səviyyədə normadan artıq genişlənməsidir. Abdominal aort anevrizmasının (AAA) riski anevrizmanın böyüməsi və yırtılmasıdır. Son 30 ildə AAA’nın rastgəlmə tezliyi artmış və anevrizması müalicə edilməyən xəstələrin təqribən 50%-i 5 ildə yırtılma səbəbi ilə ölürlər. Açıq cərrahi təmir yırtılmanın qarşısını alan müalicə metodudur və 2-5% aşağı ölüm göstəricisi ilə səciyyələnir. Ancaq açıq cərrahi təmir xəstələrin 15-30%-də önəmli dərəcədə ağırlaşmalarla müşahidə edilir.

Planlı anevrizma təmiri ilə müqayisədə, AAA’nın endovaskular təmirinin ilk 30-gün içərisindəki ölüm faizini azaltdığı çap edilmişdir. Bir başqa çalışmada endovaskular abdominal aortik anevrizma təmirində (EVAR) ilk 30-günlük ölüm faizi 1.7 ikən açık cərrahi qrupunda 4.7%-dir.

İlk EVAR (qapalı metodla aorta anevrizmasının ləgvi) əməliyyatı Mərkəzi Klinika Xəstəxanada 22.11.2013 tarixində Xəstəxanın baş həkimi ürək-damar cərrahı T.e.n.Dr.Kamran Musayevin rəhbərliyi ilə ürək-damar cərrahiyyəsi heyəti tərəfindən aparılmışdır.

Üzərində damar daxili yolla açıq cərrahiyyəyə ehtiyac qalmadan əməliyyat aparılan xəstənin problemi isə AAA olub. Belə ki, qarın aortasının diametri normalda 2 sm olduğu halda, xəstədə bu genişlənərək 10 sm-ə yaxın olub. Bu halda aortanın yırtılma ehtimalı çox yüksəkdir.

Kişi xəstələrində daha çox rast gəlinən aorta anevrizması həyati təhlükəli bir problemdir. Xəstəlik təxminən 80 faiz hipertenziyaya bağlı olaraq özünü biruzə verir. Aorta anevrizması bir çox xəstələrdə yırtılana qədər özünü biruzə verməz. Bəzi xəstələrdə isə qarın ağrısı və ürəklə birlikdə döyünən şişlik şikayətləri ola bilər.

Bu əməliyyat xəstənin qarın boşluğunu açmadan bud nahiyəsinin qasıq hissəsindən balaca kəsiklə süni damar yerləşdirməklə həyata keçirilir. Bu cür əməliyyatın üstünlükləri də çoxdur. Açıq əməliyyatda risk və fəsad olduğu halda, qapalı əməliyyatda belə təhlükə olmur. Əməliyyat Ş.R. üzərində aparılıb və 2 saata yaxın davam edib. O, 3 il bu xəstəlikdən əziyyət çəkib. Əməliyyat uğurlu keçmiş və xəstə 4 gün sonra bu ağır xəstəlikdən sonra tam yaxşılaşmış vəziyyətdə evə yazılmışdır.

Respublikamizda ilk dəfə Mərkəzi Klinikada “kateter vasitəsilə ürək qapağinin protezləşdirilməsi əməliyyatı” (TAVİ) həyata keçirilmişdir. 

Əməliyyat Mərkəzi Klinikanın baş həkimi, ürək-damar cərrahı, dos.dr. Kamran Musayev və komandası tərəfindən həyata keçirilmişdir.

Ürəyin qapaq xəstəlikləri ölkəmizdə də kifayət qədər geniş yayılmışdır. Son illərdə qapaq xəstəliklərinin müalicəsində də ölkəmizin kardiologiyası və ürək-damar cərrahiyyəsi  ciddi nailiyyətlər əldə etmişdir.

Qapaq xəstəliklərinin müalicəsində ən müasir nailiyyət ürəkqapaqlarının kateter vasitəsilə protezləşdirilməsidir. Xüsusilə yaşlı və ciddi riskli xəstələrdə bu metod effektiv bir metod kimi qəbul olunur. Çünki bu xəstələrdə açıq (klassik) metodla əməliyyatın riski olduqca yüksəkdir. 

Dos.Dr.Kamran Musayevin verdiyi məlumata görə, TAVİ (transcatheter aortic valve implantation) adlanan bu əməliyyat dünyanın ən qabaqcıl ölkələrində son 10 ildə tətbiq olunmağa başlayıb. ABŞ – da 2007-ci ildən etibarən tətbiq olunur. Bu metod ciddi riskli qapaq xəstələri üçün bir ümid yeri, həyat qurtarıcı bir alternativ təşkil edir.

“Bizim xəstəmiz 79 yaşında qadın xəstə idi. Yaşını və yanaşı xəstəliklərini nəzərə alaraq klassik cərrahiyyənin yüksək riskli olduğunu düşündük və TAVİ metoduyla xəstəmizi müalicə etməyə qərar verdik. Lazımi hazırlıq proseduralarından sonra xəstəmizdə TAVİ əməliyyatını uğurla icra etdik. Onu da qeyd etmək istəyirəm ki, bu əməliyyat üçün ciddi infrastruktura və kadr hazırlığı tələb olunur. İki ilə yaxındır ki, biz Mərkəzi Klinikada bu əməliyyatları başlatmaq üçün hazırlaşırdıq. Hərtərəfli hazırlıqları başa vurduqdan sonra bu əməliyyatları icra etməyə başlamışıq. Bu əməliyyatlar tam bir komanda işidir. Klinikamızda da kardioloqlar, kardiocərrahlar, anestezioloqlar və reanimatoloqların birgə əməyi nətəcəsində TAVİ əməliyyatını icra edə bildik. Xüsusi kateterlər vasitəsilə ürəyin zirvə nahiyəsindən aortal qapağı implantasiya etdik. Açıq ürək əməliyyatına, ürəyin dayandırılmasına, süni ürək qan dövranına ehtiyac olmadan əməliyyatı uğurla başa vurduq”- deyə Dr.Kamran Musayev qeyd etmişdir.

Ad, soyad İxtisas Bölmə
Dr. Bəxtiyar Hüseynov Kardio reanimatoloq Ürək-Damar Cərrahiyyəsi
T.e.d. Dr. Kamran Musayev Ürək-damar cərrahı Ürək-Damar Cərrahiyyəsi
Dr. Ləman Ağababayeva Perfuzioloq Ürək-Damar Cərrahiyyəsi
Dr. Nərgiz Abdullayeva Perfuzioloq Ürək-Damar Cərrahiyyəsi
Dr. Rafiq İbrahimov Ürək-damar cərrahı Ürək-Damar Cərrahiyyəsi
Dr. Ramil Əliyev Ürək-damar cərrahı Ürək-Damar Cərrahiyyəsi
Dr. Səlahəddin Hətəmov Ürək-damar cərrahı Ürək-Damar Cərrahiyyəsi
Dr. Şəlalə Qasımova Kardio reanimatoloq Ürək-Damar Cərrahiyyəsi
Dr. Vüqar Qapaqov Ürək-damar cərrahı Ürək-Damar Cərrahiyyəsi