Populyar məqalələr

Epilepsiya

Epilepsiya zamanı beyində patoloji oyanıq sahə yaranır ki, bu da vaxtaşırı beyində generalizasiya olunmuş elektrik aktivliyi yaradır. Nəticəsi kimi epileptik tutmalar müşahidə olunur. Klinikası ilə əlaqədar olaraq xalq dilində ona müxtəlif adlar verilib: ürəkgetmə, qıcolma və s. Epileptik tutmalar iki yerə bölünür: kiçik və böyük tutmalar. Kiçik və böyük tutmalar bir-birindən çox fərqlənir. İnsanlara sadəcə, böyük tutmaların əlaməti məlumdur. Böyük tutmalar zamanı xəstənin əlləri yumulur, yıxılır, gözü çevrilir və ağızdan köpük gəlir. 

Kiçik tutmalarsa özünü müxtəlif yollarla göstərir. Kiçik tutmalar zamanı xəstədə yıxılma, başgicəllənmə, huşu itirmə olmur. Bəzən elə olur ki, insan bilmədən qeyri-adi səs çıxarır. Xəstələr var ki, tutma zamanı möhkəm gülməyə başlayır. Bəzənsə insanın gözünə qəribə varlıqlar görünür. Bəzənsə söhbət zamanı qarşındakı qəfildən huşa gedir, gözü başqa tərəfə baxır, çağıranda cavab vermir. Bu da kiçik tutmanın əlamətləridir. Belə hallarda dərhal həkimə müraciət etmək lazımdır ki, bu böyük tutmalara çevrilməsin. Epilepsiyanın diaqnozu dəqiq və ətraflı anamnezlə başlar. Ailə və irsi anamnez, tutmanın təsviri, keçirilən travma və xəstəliklər, aparılan müalicə və onun effektliyi öyrənilməlidir. Xəstə ümumi və nevroloji müayinədən sonra əlavə olaraq EEQ, KT, MRT edilməlidir. Yüksək atəş, alkoqol və başqa keçici səbəblərdən yaranan tutmalar həmçinin təkrarlanmayan tək bir tutma, epilepsiya deyildir.

Epilepsiya zamanı ilk yardım:

Epilepsiya tutmalarının səmərəli müalicəsində ilk tibbi yardımın əhəmiyyəti çoxdur. Xüsusən yayılmış tonik klonik tutmalar kənardan müşahidə edənlərdə dəhşət yaradır. Ancaq bilmək lazımdır ki, tutmalar zamanı vəziyyət nə qədər vahim görünsə də, xəstənin həyatı üçün sanıldığı qədər təhlükəli deyil. Yüksək səviyyəli beynəlxalq araşdırmalar göstərmişdir ki, tutma zamanı tutma hesabına ölən olmamışdır. El arasında hələ də epilepsiya zamanı xəstənin üzünə su tökür, sillə vurur, dişlərini qaşıqla aralayırlar. Bu, düzgün yardım deyil. Əgər yanında kimsə qıcolma keçirərsə, ilk növbədə onu böyür üstə çevirmək lazımdır ki, ağzından gələn köpük nəfəs yolunu tutub, xəstəni boğmasın. Xəstə düzgün müalicə olunmadıqda onda yaddaş pozğunluğu, ağıl kəmliyi, iş qabiliyyətinin itirilməsi, mühitə uyğunlaşmamaq, işini icra edə bilməmək kimi hallar başlayır. Düzgün aparılmayan müalicə insanın psixikasını poza, ruh sferasını dəyişə bilər.

Xəstəliyin müalicəsi uzun müddətlidir. Təyin olunan dərman 3 il ərzində hər gün eyni vaxtda qəbul edilməlidir. Əgər bircə gün dərman qəbulunun vaxtından 1 saat keçdisə, müalicə tamamilə xeyirsiz olur. Xəstə müalicəyə yenidən başlamaq məcburiyyətində qalır. Epilepsiya heç də ən ağır cəza hökmü deyil. Düzgün və vaxlı-vaxtında müalicə kursları aparılarsa, tutmalar uzun illər ərzində baş verməyə də bilər.

Nevroloq Dr. Qalib Əsədov


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):