Populyar məqalələr

Qaraciyər piylənməsi

Qaraciyər Piylənməsi alkoqol qəbulundan asılı olaraq 2 böyük qrupa ayrılır-alkoqollu və alkoqolsuz piylənmə. Alkoqolsuz piylənmə (Qeyri-alkoqol  qaraciyər piylənməsi-QAQP) hal-hazırda inkişaf etmiş ölkələrdə səhiyyə sisteminin aktual problemlərindəndir. Bu xəstəlik özündə qaraciyərin sadə piylənməsindən başlayaraq, İltihabi Steatohepatit, Qaraciyər Fibrozu və Sirrozu ilə nəticələnən geniş xəstəliklər spektrini birləşdirır.

Xəstəliyin əmələ gəlməsi artıq bədən çəkisi və metabolik sindromla sıx əlaqədardır. Bədən çəkisi indeksi (BMI) 25kq/m2-dan çox olması, qarın nahiyəsində (sentral) olan piylənmə dərəcəsi, Şəkərli Diabet və İnsulinə rezistentlik əsas risk faktorları hesab edilir. 

Müasir elmi-tədqiqatlar xəstəliyin inkişafında sadə piylənmənin steatohepatitə, onun da fibroz və qaraciyər sirrozuna keçməsində baş verən hüceyrə səviyyəli prosesləri öyrənir.

Epidemiologiya

QAQP ilkin olaraq asimptomatik şəxslərdə təsadüfən aşkarlanan  qaraciyər fermentlərinin qismən artması ilə özünü büruzə verir (ALT >AST). Bu xəstələr bir qayda olaraq artıq çəkili, Şəkərli Diabet və Metabolik Sindromu olan şəxslərdir (Metabolik Sindrom- qarın çevrəsi ölçüsünün, qan təzyiqin, qanda şəkərin, triqliseridlərin və xolestirinin normadan artıq olması).

Hal-hazırda pediatrik populyasiyada artıq çəki halları çoxaldığı üçün, Qaraciyər Piylənməsi problemi də artmaqdadır.

Xəstəliyin klinikası

Əksər xəstələr asimptomatikdir. Laborator müayinələr  qaraciyər fermentlərinin normadan artıq olduğunu göstərir. Bəzi hallarda xəstələr ümumi zəiflik, tez yorulma, sağ qabırğaaltı nahiyyədə küt ağrılardan şikayətlənir. Çox vaxt qaraciyər piylənməsi obstruktiv yuxu apnoesi olan şəxslərdə təsadüf edir.

Laborator müayinələr

Qaraciyər fermentləri bir qayda olaraq normadan artıq olur (ALT>AST). ALT, AST ilə yanaşı GGT (Gamma Glutamil Transferaza) artması xəstəliyin fibroz mərhələsinə keçdiyini göstərən amillərdəndir.

Son illərdə qanda Sidik Turşusunun (S.Uric Acid) artması Qaraciyər Piy Xəstəliyinin toksik (statohepatit və fibroz) mərhələyə keçmə göstəricisi hesab edilir. (S. Uric Acid - Sidik Turşusu - purin metabolizminin son məhsullarından biridir, qanda miqdarın artması özlüyündə kardioloji, nefroloji və Hipertoniya xəstəlikərinə risk faktorudur).

Yuxarıda sadalananlarla yanaşı Vit. D defisiti də öz növbəsində artıq bədən çəkisi, Şəkərli Diabetə meyliliyi artırır, eyni zamanda qaraciyər hüceyrələrində iltihabi oksidatik dəyişikliklərə gətirib çıxarır, bu da piylənmə ilə nəticələnə bilər.

Qeyri-alkoqol Steatohepatit histoloji baxımdan fibrozla müşayiət olunan xəstəlik formasıdır və daha pis proqnoza malikdir, 15 il müddətində 11% Qaraciyər Sirrozuna keçə bilər.

Xəstəliyin diaqnostikası

Əgər xəstənin gün ərzində qəbul etdiyi spirtli içkilərin miqdarı 20ml-dən çox deyilsə, laborator müayinələrdə  ALT/AST artıbsa, instrumental müayinələrdə  (USM və qaraciyər biopsiyası)- hepatik steatoz müəyyən edilirsə, bütün bunlara əsaslanaraq QAQP diaqnozu qoyula bilər.

Percutaneous (dərialtı) qaraciyər biopsiyası QAQP diaqnozunun qoyulması üçün “qızıl standart” hesab edilir. Biopsiya sadə qaraciyər piylənməsi və iltihabi steatohepatiti (fibrozu)  fərqləndirməyə imkan verir. Eyni zamanda qaraciyər biopsiyası başqa xəstəlikləri- toksiki və   autoimmun hepatitləri, Wilson xəstəliyini inkar etməyə kömək edir. Əgər qaraciyər biopsiyası nəticəsində steatohepatit aşkar edilibsə, bu orta hesabla 4-5 il müddətində qaraciyər fibrozuna çevrilə bilər. Lakin nəzərə almaq lazımdır ki, qaraciyər biopsiyası invaziv prosesdir və ciddi ağırlaşamalara (qanaxma və s) səbəb ola bilər. Buna görə də qeyri-invaziv diaqnostika metodlarına üstünlük verilir.

Radioloji müayinələr

US müayinəsi - Hepatomeqaliya, qaraciyər parenximasının exogenliyinin artması diaqnostik kriteriyalardandır. Müasir dövrdə standart USM deyil, yeni metod- Transient Elastografiyanın rolu artır.  Radioloji müayinə növlərini müsbət və mənfi cəhətlərini nəzərdən keçirək :

Metod

Üstün cəhətləri

Zəif cəhətləri

USM

-Qeyri-invaziv

-Nisbətən ucuz

-Steatozu asanlıqla  aşkar edir.

-fibroz və nekroinfiltrasiya proseslərinin aşkar edə bilmir.

Transit elastografiya

(Fibroskan)

-qeyri invazivdir

-fibrozu müəyyən etməyə imkan verir

-bahalıdır

-BMT>30 ( bədən çəkisi artıq) olan xəstələrdə daha effektivdir.

 

Kompüter Tomoqrafiyasi

-steatozu müəyyən edir

-bahalıdır

-fibrozu/nekroinfiltratı müəyyən etmir

-radiasiya riski yüksəkdir

 

MRT

-radiasiya riski yoxdur

-steatozu müəyyən edir

-bahalıdır

-fibrozu təyin etmir

Biomarkerlərdən serum Aminotransferazalarla yanaşı kollagen, makroglobulinlər, apoproteinler, haptoglobulinlər, sitokinlər (TNF-alfa) QAQP diaqnostikasında böyük rol oynayır.

Müalicə

  • Alkoqol qəbulunun tam dayandırılması
  • Balanslı sağlam qidalanma
  • Bədən çəkisinin korreksiyası( bədən çəkisinin 6 ay müddətində 10 % azaldılması hepatik steatozun progressivləşməsinin qarşısını ala bilər). Ümumi olaraq  bədən çəkisinin azaldılması 60% histopatoloji olaraq yaxşılaşmaya gətirib çıxarır
  • Vit. E 800 Vahid/gündə  qeyri-alkoqol  qaraciyər piylənməsində histopatoloji yaxşılaşmaya səbəb olur (pediatrik populyasiyada effektli deyil)

  • Hiperlipidemiya/Hipertriqliseridemiyalı xəstələrdə Omega-3 yağ turşusu ilkin seçim preparatıdır
  • Pioglitazone İnsulinə rezistent və biopsiya vasitəsi ilə təsdiqlənmiş QAQP xəstələrinə təyin oluna bilər.(Lakin bu preparatın uzun müddətli effektivliyi hələ tədqiqatlar altındadır)
  • Xəstələrin bədən çəkisi pəhriz və idmanla korreksiyası çətin olduqda bariatrik cərrahiyyə daha məqsədəuyğundur
  • Əgər xəstədə Dislipidemiya varsa Statin preparatlarından istifadə edilə bilər
  • Regulyar bədən tərbiyyəsi- qaraciyər piylənməsiinin qarşısını almaqla bərabər, insulin rezistentliyini azaldır və əzələ kütləsini artırır. Hətta bədən çəkisi azalmasa bele regulyar bədən tərbiyyəsi qaraciyər piylənməsinin prognozunu yaxşılaşdırır
  • Pentoxifilline (sitoprotektiv maddə kimi)-qaraciyər piylənməsində istifadəsi istiqamətində tədqiqatlar aparılır
  • Ursodeoksixolik Acid (Ursodiol) istifadə oluna bilər
  • Bütün Qaraciyər Piylənmə hallarında  Hepatit A,B, C testləri aparılmalı və virus infeksiyası inkar edilməlidir.

QAQP olan xəstələr regulyar olaraq həkim nəzarətində olmalı və xəstəliyin klinik (teleangiektaziyalar, palmar eritema, splenomegaliya), laborator (ALT/AST, bilirubin, albumin,trombositlərin miqdarı ),  progressiya əlamətləri, eyni zamanda  xəstələrin şikayətləri ( tez yorulma, halsızlıq, assit və ensefalopatiya) vaxtında və düzgün qiymətləndirilməlidir.

Terapevt Dr. Sevinc Ələsgərova


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):