-
Xəbərlər2026-09-25

Qafqaz regionunda ilk ürək transplantasiyası – Kamran Musayevlə müsahibə

Ətraflı oxu
Qafqaz regionunda ilk ürək transplantasiyası – Kamran Musayevlə müsahibə

25–26 sentyabr tarixlərində Tbilisidə keçirilən Ürək Çatışmazlığı Beynəlxalq Forumunda həmkarlarla ürək çatışmazlığının müasir müalicə imkanlarını və gələcək perspektivlərini müzakirə etdik.

Forum çərçivəsində Medscr𝗶ptum-a verdiyim müsahibədə Azərbaycanda ilk ürək transplantasiyasından və bu nəticəyə aparan 25 illik yoldan danışdım.

Ürək transplantasiyası sadəcə bir əməliyyat deyil. Bunun arxasında illərlə qurulan infrastruktur, ECMO və mexaniki qan dövranı dəstəyi sistemləri, güclü multidissiplinar komanda və uyğun hüquqi baza dayanır.

2025-ci ilin oktyabrında ilk ürək transplantasiyasını həyata keçirdik. Bu gün həmin pasiyent özünü yaxşı hiss edir. Daha sonra daha üç transplantasiya həyata keçirmişik.

Bu prosesdə ən böyük çətinliklərdən biri isə donor məsələsidir. Hazırda 60-dan çox pasiyent donor gözləyir. Eyni zamanda, orqan donorluğuna razılıq verən vətəndaşlarımızın sayı artıq 10 000-i keçib.

Bu ağır qərarı verərək yaxınlarının orqanlarını başqa insanların həyatını xilas etmək üçün bağışlayan donor ailələrinə xüsusi təşəkkür edirəm. Onlar həqiqətən də cəmiyyətimizin qəhrəmanlarıdır.

İnanıram ki, Azərbaycanda atılan bu ilk addım bütün Qafqaz regionunda ürək transplantasiyasının inkişafına töhfə verəcək. Topladığımız təcrübəni həmkarlarımızla bölüşməyə və bu istiqamətin inkişafına dəstək verməyə hazırıq.

Müsahibənin tam versiyası:
🔗 https://medscriptum.org/en/the-first-heart-transplantation-in-caucasus-region-interview-with-kamran-musayev/

Фотогалерея